İbrahimoviçdən “Mançester Yunayted”in keçmiş futbolçularına sərt tənqid

“Los Anceles Qalaksi”də forma geyinən Zlatan İbrahimoviç, keçmiş komandası “Mançester Yunayted” haqda maraqlı açıqlamalar verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İbrahimoviç, “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusonun hələ də məşqçilərə təzyiq etdiyini deyib:

“Mançester Yunayted”də işləyən bütün məşqçilər hələ də Ferqyusonla müqayisə olunur. “Ferqyuson olsaydı, bunlar olmazdı, Feryquson olsaydı, belə etməzdi” deyə, müqayisələr var. Komandanın hər şeyi Ferqyusondur.

Mən “Mançester Yunayted”də işləsəydim, “artıq Ferqyuson yoxdur” deyərdim. Mən burdayam və öz tariximi yazmaq istəyirəm. Keçmiş keçmişdə qalıb, nə olubsa, artıq keçmişdədir. Komandada yeni mühit yaradardım.

Əlbəttə, “Mançester Yunayted”in tarixində Ferqyusonun yeri başqadır. Ancaq artıq irəli baxmaq lazımdır. Klub özünü tapmalıdır, ancaq bu, çox çətindir”.

İbrahimoviç, “Mançester Yunayted”in əfsanəvi futbolçuları Rayan Giqqz, Pol Skoulz, Fil Nevill kimi futbolçuları da tənqid edib:

“Onlar artıq komandada deyillər. Buna görə də, hər gün televiziyada komandalarını tənqid edirlər. “Mançester Yunayted” üçün işləmək istəyirlərsə, nə etməli olduqlarını araşdırsınlar. Ancaq durub televiziyada davamlı olaraq tənqid etməsinlər. Bilirik, zamanında “Mançester Yunayted”ə çox xidmət etmisiz”.

İsveçli futbolçu, Pol Poqbanın yenidən “Mançester Yunayted”ə qayıtmasından da danışıb:

“Poqba gənc olanda “Mançester Yunayted”dən getdi, ancaq sonra geri qayıtdı. Ferqyusonun ətrafındakılar bu vəziyyətdən razı deyildilər. Çünki onlar həmişə Ferqyusonun ətrafında olub və ondan ayrılmayıblar. Hətta Ferqyuson onlara icazə vermədiyi müddətcə də danışmırdılar. Amma indi televiziyada hər gün danışırlar, düzü, bilmirəm, Ferqyusondan icazə alıblarmı, yoxsa yox. Poqba mövqeyinə görə dünyanın ən yaxşısı ola biləcək potensiala malikdir. Məşqlərdə çox çalışır və hər oyunu qazanmaq istəyir”.

Sonda Joze Mourinyodan danışan İbrahimoviç, portuqaliyalı mütəxəssisin uğurlarına toxunub:

“Mourinyonun bu günə qədər etdiklərini silə bilməzsiz. Elə bir CV-si var ki, getdiyi hər yerdə uğur qazanıb. Məsələn mən, uğur qazanmasaydım, insanlar “yaxşı futbolçudur, ancaq nə qazanıb?” deyəcəkdilər. “Mançester Yunayted”ə istirahət üçün getməmişdim. Qələbə qazanmaq üçün müqavilə imzalamışdım”.

İbrahimoviç 2016-2018-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib.