“Düşmənlər”in ayaq üstə alqışladığı “Beyin” Yazı+Fotolar

Onun “Barselona”dan ayrılması çoxunu üzmüşdü. İllərini verdiyi, dəfələrlə kuboklar qazandığı bir komandadan ayrılırdı o. Göz yaşlarını tuta bilməmişdi onu dünyaya tanıdan və sevdirən “Barsa”dan ayrılarkən. Amma hər şeyin bir başlanğıcı olduğu kimi sonu da olur…

Andres İnyesta 1984-cü il mayın 11-də İspaniyanın qəsəbələrindən birində dünyaya gəlib. Bir çox futbolçudan fərqli olaraq, o, varlı bir ailədə doğulub və uşaq yaşlarından istədiyi hər şeyə sahib olmaq imkanı yaranıb. Futbolçu olmaq istəyi onun 10 yaşında yerli “Albasete” klubunda oynamasına səbəb olur.

…və “Barselona” macərası başlayır

İstedadını yaşıl meydanlarda sərgiləməyə başlayan İnyesta, 1996-cı ildə iştirak etdiyi turnirlərin birindən sonra İspaniyanın bir neçə klubunun diqqətini çəkir. Bu klublardan biri də “Barselona” idi. Həmin vaxt katalonların komandasının baş məşqçisi olan Enrike Orizola balaca İnyestanın ailəsi ilə əlaqə saxlayır və Andres Kataloniya klubunun akademiyasında oynamağa başlayır.

Sonralar İnyestanın akademiyaya getməsi ilə bağlı danışan atası, həmin günləri belə xatırlayır:

“Ona belə təklif gələndə, o, ailəni tərk etmək istəmədi və mənə getməyə ehtiyac olmadığını açıq şəkildə bildirdi. Mən isə bu cür fürsətlərin tez-tez ələ düşmədiyini, akademiyada inkişaf edəcəyini dedim. Bir neçə gün sonra yanıma gəlib, “Mən “Barselona”ya gedirəm” deyəndə, təəccübləndim. Ondan niyə fikrini dəyişdirdiyini soruşanda, belə cavab verdi: “Çünki sən getməyimi istəyirsən, çünki bu, sənin xəyalındır”. Həmin an oğlumdan çox şey öyrəndim. O, sadəcə 12 yaşı olanda, mənə çox şey öyrətdi”.

Gənc İnyesta və Pep Qvardiola

Beləliklə, Andres 1996-cı ildə futbolçu olmaq yolunda ciddi addım ataraq, akademiyaya yazıldı. Akademiyaya yazıldıqdan sonra ilk uğuru isə 2001-ci ilə təsadüf edir. Həmin il İspaniya millisinin heyətində 17 yaşadək komandaların Avropa çempionatının qalibi olur.

Jose Antonio İnyesta – İnyestanın atası

2001-ci ilə qədər aşağı yaş komandasında oynayan ispan futbolçu, həmin il Lui van Qal tərəfindən əsas komandaya çağırıldı. 2002-ci ildə isə komandası ilə birlikdə Çempionlar Liqasında ilk dəfə iştirak etdi.

İnyesta və anası Maria Lujan

Futbolçu olmaqla yanaşı, İnyesta ailəsinə məxsus şirkəti də idarə edir. Belə ki, bu ailənin şərab şirkətinin başında məhz Andres dayanır. Hazırda bir çox futbolçular maşına, evə pullar xərcləyərkən, İnyesta vaxtını və pulunu məhz şərab istehsalına sərf edir. Onu şərabla müqayisə edən atası belə deyir:

“O, yaxşı keyfiyyətli, gizli bir şərab kimidir”.

İnyestanın bacısı Maribel

İspaniya mətbuatı və azarkeşlər tərəfindən “El İllusionista” (“İllüziyaçı”) və “El Cerebro” (“Beyin”) ləqəbi verilən futbolçu, 2004-2005-ci il mövsümündən etibarən əsas heyətin dəyişilməz üzvü oldu. 2012-ci ildə isə Avropada “İlin futbolçusu” seçildi. Və saya-hesaba gəlməyən başqa titullar, kuboklar…

İnyesta – şərab üzrə mütəxəssis

12 yaşından etibarən “Barselona”nın aşağı yaş komandasında oynamağa başlayan futbolçu, 2018-ci ildə Kataloniya klubundan ayrıldı. 16 illik “Barselona” karyerasında 32 kubok qazanan “Beyin”, bu komandada ən çox forma geyinən ikinci futbolçu oldu. Bundan başqa, o, iştirak etdiyi 674 oyunun heç birində qırmızı vərəqə almaması ilə də fərqləndi.

Toy günündən bir xatirə

İndi isə İnyesta Avropadan xeyli uzaqda – Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinir. Hə, Andres artıq əvvəlki kimi göz önündə deyil, onun oyunlarını əvvəlki kimi izləyə bilmirik. Amma hətta rəqib komandaların azarkeşlərinin də dəfələrlə alqışladığı bu möhtəşəm futbolçunu heç kim unutmur. Axı futbola gözəllik qatan belə möhtəşəm futbolçunu necə unutmaq olar?

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button