Sadiqliyinin qarşılığını “Ferrari” ilə alan əfsanə – Yazı+Fotolar

Dünən əfsanəvi futbolçu Dieqo Maradonanın ölüm xəbəri futbol dünyasını yasa boğub.

Komanda.az xəbər verir ki, “Napoli” və Argentina futbolunun əfsanəsi olan sabiq yarımmüdafiəçi 60 yaşında ürəktutmasından vəfat edib.

Dieqo Armando Maradona 1960-cı il, oktyabrın 30-da Argentinanın Villa Fiorito şəhərində kasıb bir ailədə dünyaya göz açıb. O, dörd qızdan sonra doğulan ilk oğlan övlad idi. Futbolla erkən yaşlarından məşğul olan Dieqo, “Argentinos Xuniors”un akademiyasına qəbul olub. 12 yaşında birinci divizion oyunlarının fasiləsində topla müxtəlif hərəkətlər göstərərək, tamaşaçıların gözünü oxşayıb.

Maradona ilk peşəkar müqaviləsinə 1976-cı ildə – 16 yaşında “Argentinos Xuniors” klubunda imza atıb. Beş il bu komanda ilə 167 oyunda 116 qol vuraraq diqqəti çəkməyi bacaran futbolçu, ölkəsinin ən nəhəng və köklü klublarından olan “Boka Xuniors”a üz tutur. “Göy-sarılar”da bir mövsüm keçirən Maradona, burda da özünü sübut edir və Argentinadan ayrılmağa qərar verir.

Yarımmüdafiəçi 1982-ci ildə İspaniyanın “Barselona” klubuna o dövr üçün rekord hesab olunan 5 milyon avroya keçir. Argentinalının kataloniyalılardakı karyerası cəmi iki il çəkir. Maradona “Barselona”dakı ilk ilində xəstəlik səbəbindən, növbəti ilində isə zədə səbəbindən bir neçə ay futboldan uzaq qalmalı olur. Həmin dövrdə narkotik maddələrdən istifadə etməyə başlayan Maradona ilə klub rəhbərliyi arasında narazılıq yaranır. Bu isə onun İspaniyadan ayrılıb, İtaliyaya – “Napoli”yə keçməsinə gətirib çıxarır. Bəlkə də, bu, həyatın Maradonaya bir hədiyyəsi idi ki, Neapola gəldi və burda karyerasının zirvəsinə yüksəlməyi bacardı.

Maradona və həmyerlisi Mario Kempes

Maradonanın “Napoli”yə gəlişi böyük izdihamla qarşılanmış, onun təqdimatına 70 mindən çox insan toplaşmışdı. Dieqo, “Napoli” ilə bir neçə dəfə çempionluq yaşamış, Neapol təmsilçisinin yüksək səviyyəli bir komandaya çevrilməsində səbəbkarlardan olmuşdu. “Napoli”də olarkən Maradonanı bir neçə dəfə “Milan” transfer etmək istəmiş, lakin futbolçu bütün təklifləri rədd etmiş və kluba olan sədaqətini göstərmişdi. “Napoli” rəhbərliyi bunun qarşılığında Maradonaya “Ferrari F40” hədiyyə etmişdi.

Maradona 37 yaşında karyerasını bitirərək, adını futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacarıb. O, dünya futbolunda iki dəfə rekord məbləğə komanda dəyişən yeganə futbolçudur. 1982-ci ildə 5 milyon avroya “Barselona”ya keçən Dieqo, 1984-cü ildə 6 milyon avroya “Napoli”yə transfer olunub və bu məbləğlər də o dövr üçün rekord sayılırdı. Dieqo, Argentina yığması ilə DÇ-1986-nın da qalibi olub. Bu turnirin 1/4 final mərhələsində İngiltərə yığmasına qarşı keçirdikləri oyun Maradona üçün unudulmazlardan olub. Belə ki, 2:1 hesabıyla qələbə qazandıqları görüşdə birincisi əllə olmaqla, hər iki qolun müəllifi olmuşdu. Dieqo həmin anı belə təsvir etmişdi: “O əl mənim deyildi, Tanrının əli idi”. Maradonanın İngiltərə ilə oyundakı ikinci qolu əsrin qolu seçilmişdi.

Maradona futboluyla yanaşı, həm də, narkotik maddə aludəçisi olduğu üçün tez-tez gündəmə gəlirdi. İddiaya görə, Dieqo, ilk dəfə narkotik maddələrdən istifadə etməyə “Barselona”da olarkən başlayıb və bu, daha sonra asılılıq halına gəlib. 1991-ci ilin martında dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi məlum olur. 15 ay müddətinə futboldan kənarlaşdırılan Dieqo, DÇ-1994-ü də qanında qadağan olunmuş maddə aşkarlandığı üçün buraxmalı olur. 1997-ci ildə futbolçu karyerasını bitirən Dieqonun çəki problemləri artmağa başlayır. 2005-ci ildə bu problemi aradan qaldıran Maradona, elə həmin ildə də narkotik maddə asılılığından qurtulmuşdu.

Braziliyalı Pele ilə birlikdə 20-ci əsrin futbolçusu seçilən Maradona, mükafatını aldıqdan sonra mərasim zalını tərk etmişdi.  O, daha sonra bu haqda verdiyi açıqlamada, özünü ən yaxşı futbolçu hesab etdiyini və bu səbəbdən Pelenin mükafat almasını gözləmədiyini demişdi.

Maradona, futbolçu karyerasında “Barselona” ilə 3, “Napoli” ilə 4, Argentina milli komandası ilə isə DÇ-də 1 dəfə çempionluq yaşayıb. Baş məşqçi karyerası uğurlu alınmayan Dieqo, son olaraq ölkəsinin “Ximnasiya” klubunu çalışdırırdı.

Braziliya futbolunun əfsanələrindən hesab edilən Pele, Maradonanın ölümü ilə bağlı bunları deyib:

“Dostları belə itirmək kədərlidir. Bir dəfə onunla göylərdə yenidən futbol oynayacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button