Oyun satmaqda ittiham olunan, Zəhranı unutmayan braziliyalı “azərbaycanlı” – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Bir müddət əvvəl Komanda.az-da yeni rubrikaya – “Dünən bizdə, bu gün harda?”ya start vermişik.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. İlk “qonağımız” 13 dəfə Azərbaycan millisinin formasını geyinən, özbək əsilli Daniel Axtyamov olmuşdu. Bu dəfə isə artıq fəaliyyət göstərməyən “Bakı” və “Karvan” klublarının sabiq üzvü Andre Ladaqa haqda danışacağıq.

Daniel Axtyamov kimi 2004-cü ildə yolu Azərbaycana düşən futbolçulardan biri də Andre Ladaqadır. Braziliyanın “Anapolina” klubundan keçmiş “Bakı”ya transfer olunan dayaq yarımmüdafiəçisi, 2008-ci ilə qədər paytaxt təmsilçisinin formasını geyinib. 80 dəfə “Bakı” formasıyla mübarizə aparan Ladaqa, 6 qolla yadda qalıb. Tam adı Andre Luiz Ladaqa olan braziliyalı futbolçu ilk mövsümündə Azərbaycan kubokunu qazanıb, 2005/06 mövsümündə isə ölkə çempionatının qızıl medalçısı olub.

Azərbaycanda artıq ikinci ilində milliləşdirilən və yığmaya dəvət alan, ölkəsində Andrezinyo da adlandırılan yarımmüdafiəçi, millidəki ilk oyununu 2006-cı il sentyabrın 2-də, AÇ-2008-in seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirib. Azərbaycan millisi həmin görüşdə serblərə minimal hesabla məğlub olub – 0:1. Daha sonra seçmə mərhələ çərçivəsində Qazaxıstanla oyuna start heyətdə meydana çıxan “4 nömrə”nin cərimə zərbəsindən vurduğu qol, onun millidəki ilk və son qolu olmuşdu. Həmin görüş 1:1 hesabıyla yekunlaşmışdı.

Andre Ladaqanın Qazaxıstan millisinə vurduğu qol

2004-2008-ci illəri “Bakı”da keçirən Ladaqa, daha sonra “Karvan”a transfer olundu. Ancaq yarımmüdafiəçinin Yevlaxdakı günləri uğursuz alındı və iki ay sonra “Karvan”dan qovuldu. Ladaqa həm meydanda, həm də meydandan kənarda “fərqlənmişdi”. Belə ki, intizamsızlığına görə seçilən yarımmüdafiəçinin “Karvan”dan qovulmasına səbəb olaraq oyun alqı-satqısında iştirak etdiyi iddia olunurdu. O vaxt futbolçu “Olimpik-Şüvəlan”a oyun satması barədə suala belə cavab vermişdi:

“Karvan”a qədər bir neçə il “Bakı”da forma geyinmişəm, Azərbaycan milli komandasının şərəfini qorumuşam. Hətta millinin heyətində qol da vurmuşam. Oyun satan futbolçunu milli komandaya götürərlər?”

2008-ci ildə “Karvan” klubuyla bir illik müqavilə imzalayan Ladaqanın Yevlaxdakı karyerası cəmi iki ay çəkdi. “Olimpik-Şüvəlan”a oyun satmaqda ittiham olunan futbolçu komandadan kənarlaşdırıldı.

Yeri gəlmişkən, Ladaqa “Bakı” klubundan da mərhum mütəxəssis Böyükağa Hacıyevin onu heyətdə görmək istəmədiyi üçün ayrıldığını açıqlamışdı.

Andre Ladaqa Azərbaycandakı karyerasında ən uğurlu günlərini 2006-cı ildə yaşayıb. İlk dəfə yığmaya çağırılan, Qazaxıstanla oyunda cərimə zərbəsindən baxımlı qol vuran braziliyalı, “Futbol+” qəzetinin sorğusunda da ilin ən yaxşı futbolçusu sıralamasında 3-cü yeri tutmuşdu.

Ladaqanın son klubu da keçmiş “Karvan” olub. Yevlax təmsilçisindən ayrıldıqdan sonra Andrenin heç bir peşəkar klubda forma geyinmədiyi görünür. Ən azı “wikipedia” belə göstərir.

Azərbaycan millisində ümumilikdə 11 oyun keçirib, 1 qol vuran “sambaçı”, ara-sıra sosial şəbəkədə paylaşımları ilə də diqqət çəkir. Məsələn, o, ermənilərin qətlə yetirdiyi azyaşlı Zəhranın fotosunu öz səhifəsində paylaşmışdı.

44 yaşlı Ladaqa hazırda vətəni Braziliyada yaşayır. Bir vaxtlar pasportunu daşıdığı, milli komandasının formasını geyindiyi Azərbaycan isə yəqin ki, ancaq xatirələrindədir.

Şahin Cəfərov