De Yonqdan etiraf: Əvvəl “Arsenal”, sonra “Barselona”

İspaniyanın “Barselona” klubunun yeni transferi Frenki de Yonq açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun “Ayaks”dan heyətinə qatdığı yarımmüdafiəçi, “Barselona”dan əvvəl “Arsenal”da oynamaq istədiyini bildirib:

“Dürüst olmaq lazımdırsa, Mark Overmarsın iziylə gedərək, əvvəl “Ayaks”dan “Arsenal”a, daha sonra “Barselona”ya transfer olunmağı planlaşdırırdım. Amma dərhal “Barselona”ya keçmək fürsəti yarandı və mən hazırda istədiyim yerdəyəm. Bu, mənim arzuladığımdan daha sürətli baş verdi.

Gənc futbolçuların “Barselona” və “Real”ı sevimli klubları kimi seçmələrini başa düşmək çətin deyil. Baxmayaraq ki, bir zamanlar “Arsenal”ın çox gözəl futbol oynadığını düşünürdüm”.