Davor Şuker Azərbaycanla oyundan danışdı

“Seçmə mərhələ çərçivəsində keçirilən hər matç vacibdi”.

Komanda.az saytının məlumatına görə, bunu Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şüker deyib.

Dünya çempionatının ikinciləri AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycanla qarşılaşacaqlar. Oyunla bağlı paytaxtımıza səfər edən ölkəsinin sabiq ulduz futbolçusu KİV nümayəndələrinə açıqlamasında millimizlə görüşdən qələbə gözlədiyini vurğulayıb: “Zaqrebdəki matçda biz elə də yaxşı təsir bağışlamadıq. Amma qələbə qazandıq. Azərbaycanla keçirdiyimiz matçlarda bir xoşagəlməz nəticə olub. Bakıda 0:0 hesablı heç-heçə etmişik”.

Şüker Robert Prosineçki və Nikola Yurçeviç kimi məşhur xorvatiyalıların Azərbaycanda çalışmasına da münasibət bildirib: “Müstəqillikdən sonra yaxşı nəticələrimiz olub. 2018-ci ildə dünya çempionatında ikinci yeri tutduq. Əhalimiz az olsa da, yaxşı məşqçi baxımından trend yaratmışıq. Çox şadıq ki, Prosineçki və Yurçeviç burda işləyib. Robert çox yaxşı insandı. Mən özüm də Azərbaycanı çox sevirəm. Burada dostlarım var. Bakıdakı Avropa Liqasının finalını xatırlayıram. Bu matç barədə fikirlər ancaq müsbət idi. UEFA İcraiyyə Komitəsinin üzvü kimi ümidvaram ki, AVRO-2020-nın Bakıdakı 4 oyunu həmin görüşdən də yaxşı təşkil olunacaq”.

O, baş məşqçiləri Zlatko Daliçə böyük ümid bəslədiklərini və Azərbaycanla matçın nəticəsindən asılı olmayaraq, onunla yollarına davam edəcəklərinə də inam ifadə edib.