Uduzan Azərbaycan millisi, qazanan onlar

Hüseyn Əflatunoğlu

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Milli komandada (ona millə demək mümkünsə) daşlaşıb, yaşıl zəmiyə çıxıb həvəssiz, mübarizəsiz, ruhsuz, istəksiz oynayıb, əbədi yuxuya getdilər. Yenə oyanacaqlar, çıxacaqlar yaşıl zəmiyə, ora-bura qaçacaqlar, yenə uduzacaqlar, yenə həvəssiz, mübarizəsiz, ruhsuz, istəksiz. Sanki bu futbolçulara zorla müqəddəs formanı geyindirib, salıblar yaşıl zəmiyə. Bir dənə xorvata da veriblər çomağı, apar bunları 90 dəqiqə oynasınlar, sonra da dağılışıb getsinlər evlərinə.

Doğma meydanında iki oyuna 8 top buraxasan, üstəlik nə oyun var, nə də mübarizə əzmi…

Himn çalınır, futbolçularımızdan bir-iki nəfər oxuyur, qalanlar isə beynində nə fikirləşir, bir Allah bilir. Gedin Türkiyə millisinin oyununa baxın. Qürbətçi futbolçularından tutmuş, texniki heyətinə kimi, hamı bir ağızdan ürəklə elə oxuyur, sanki bir azdan rəqibini parça-parça edəcək. İstək, mübarizə olmayan yerdə nə gözləmək olar? Ancaq fiasko!

Ölkədə bir klub (“Qarabağ”) var ki, onun uğurlarını az qala gözümüzə soxurlar. Amma milliyə gələndə, həmin futbolçular elə bil məhəllə komandasından gəliblər. Bu oyunlar göstərdi ki, bəzi futbolçular nəinki milli karyerasını, bu biabırçılıqdan sonra futbolçu karyeralarını da başa vurmalıdırlar.

Futbolçular hədəfdədir, amma fiaskonun əsas günahkarlarından olan baş məşqçini də yaddan çıxarmırıq. Yura dövründən qalma Yurçeviç adlı köməkçi-məşqçini milli komandaya gətirən AFFA sübut etdi ki, onlarda futbol deyil, biznes maraqları üstündür. İki oyun bizə onu göstərdi ki, Yurçeviç Xorvatiyanın hansısa həvəskarlar liqasında baş məşqçi ola bilər. Amma onu həvəskar futbolçularımıza baş məşqçi gətirən AFFA ünvanı səhv salıb. Bunu hamı bildi, Yurçeviçin səhvlərini, heyəti düzgün qura bilmədiyini, əvəzetmələrdə gecikdiyini və s. hamı gördü, təkcə AFFA-dan başqa. Mətbuat konfransında rəqibin futbolçularının qiymətinin bahalı olmasından, futbolçuların yaxşı oyunundan danışan, “Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Qurban Qurbanov belə, Maltaya qarşı çətinlik çəkib” kimi gülünc ifadələrlə özünü sudan quru çıxarmağa çalışan Yurçeviçin nə vecinə, görmədiyi günləri yaşayır. Uduzan milli, qazanan onlar. İki rüsvayçı nəticədən sonra Yurçeviçin istefaya göndəriləcəyini, millidə hansısa dəyişikliyi gözləsək də, olmadı. Yenə iki aylıq yuxuya getdilər. Oyanıb yenə əsəblərimizlə top-top oynayacaqlar.

AFFA-nın yarıtmaz siyasəti futbolumuzu məhv etməkdə davam edir. 8 komandalı Bakı çempionatı, əldəqayırma birinci divizion, milli(lər)nin rüsvayçı nəticələri… Nəticə çıxarmaq əvəzinə onlar yenə iş başındadırlar. “20-20”-yə getmək xəyalını yaşayanlar futbolumuzun başına böyük qara daş salıb. Nə qaldıran var, nə də… Bu daşın altında əzilən azarkeşlərdir, futbolumuz üçün canı yananlardır, AFFA-dakılar isə daşlaşıblar…

P.S. Ramil Şeydayevdə olan milli istək AFFA-nın rəhbərliyində olsaydı, daşı-daş üstündə qoyardıq. Sağ ol, Ramil, əsəbimizin tarıma çəkildiyi günlərdə sənin fədakarlığınla az da olsa, sevindik.