“Zirə” Samir Abasovla bağlı qərarını verib – Müsahibə

“Zirə” klubunun baş meneceri Elman Himayətoğlunun Komanda.az saytına müsahibəsi:

  • Baş məşqçi Samir Abasovun klubdakı gələcəyiylə bağlı qərar verilibmi?
  • Bəli, baş məşqçimizlə ilkin görüş keçirilib. Nəticələr ürəkaçan olmasa belə, komandanın oyunu ümid verir. Buna görə də, qərara alınıb ki, baş məşqçi Samir Abasovla yolumuza davam edək.
  • Növbəti mövsüm üçün planlarınız nədən ibarətdir?
  • Qeyd etdiyim kimi, Abasovla ilkin görüş keçirilib. Yaxın günlərdə daha geniş müzakirələr aparmaq üçün görüş olacaq. Bundan sonra yeni mövsüm üçün planlar, hədəflər məlum olacaq.
  • Komandada kimlər qalacaq, kimlər gedəcək?
  • Təbii ki, heyətdə dəyişikliklər olacaq. Amma bu, böyük dəyişiklik olmayacaq. Demək olar ki, komanda Samir müəllimin istədiyi kimi formalaşmaq üzrədir.
  • Transferi nəzərinizdə olan futbolçular varmı?
  • Transfer işləri indi başlamayıb, uzun müddətdir ki, izlədiyimiz futbolçular var. Bu futbolçulardan hansısa ilə danışıqlar müsbət yekunlaşarsa, transfer edəcəyik.
  • İzlədiyiniz futbolçular arasında yerlilər, yoxsa legionerlər üstünlük təşkil edir?
  • Bildiyiniz kimi, yerli futbolçu baxımından seçim imkanı çox deyil. Ancaq istədiyimiz yerlilər var. Əvvəl də dediyim kimi, heyətdə az dəyişiklik olacaq. Elə legionerlərə də tələbat, təxminən yerlilərlə eynidir.
  • Dilan Duventru və Bilal Həmdinin komandadan ayrılacağı iddiaları var. Bu da onların son oyunlarda az şans qazanması ilə bağlıdı. Hər iki futbolçuyla yolların ayrılması gündəmdədirmi?
  • Hansısa futbolçunun nə qədər oynaması baş məşqçinin qərarıdır. Ancaq həm Bilal, həm də Duventru bu mövsüm kifayət qədər oynayıb. Sadəcə, son oyunda hər ikisi zədəli idi. Heyətdəki yeniliklərlə bağlı məlumatlar veriləcək.
  • “Sabah”da əsas heyətdən uzaqlaşdırılan Təmkin Xəlilzadə bir müddət “Zirə”də çıxış edib. O, yenidən komandanıza qayıda bilərmi?
  • Komandada futbolçu seçimi baş məşqçiyə aiddir. Onun heyətdə görmək istədiyi futbolçularla danışıqlar aparırıq. Hazırda maraq dairəmizdə olan futbolçular arasında Təmkinin adı yoxdur.

Şahin Cəfərov