Kamal Sunalın filmində rol alan baş məşqçi: “3-5 il bu məsələni gizlətdim” – Foto+Video

Daim çılğınlığı və maraqlı açıqlamaları ilə yaddaşlarda qalan türkiyəli mütəxəssis Yılmaz Vural mərhum aktyor Kamal Sunalın (Şaban) filmində iştirak edib.

Komanda.az xəbər verir ki, 68 yaşlı mütəxəssis 1985-ci ildə yayımlanmış “Qürbətçi Şaban” filminin bir səhnəsində yer alıb. Lakin Vural bunu bir neçə il mətbuatdan gizlədib. Bu haqda Türkiyə mətbuatına danışan Vural, filmdə rol aldığını gizlətməsini belə açıqlayıb:

“Almaniyada universitetdə oxuyan zaman Kartal Tibet, Memduh Ün və Kamal Sunalın film çəkəcəklərini və məndən kömək istədiklərini dedilər. Qısa bir səhnədə yer aldım, üç il sonra da məşqçi olub, Türkiyəyə qayıtdım. İllər sonra iki futbolçum “səni filmdə gördük” dedilər, ancaq “o mən deyiləm” dedim. Beləcə, 3-5 il bu məsələni gizlətdim”.

Baş məşqçi kimi futbol azarkeşlərinin üzünü güldürməyi bacaran Yılmaz Vural, filmdə də izləyicilərin üzündə gülüş yarada bilib. Bir futbol azarkeşi mütəxəssisin filmdə Şabana yol göstərməsinə belə şərh verib:

“Qürbətçi Şaban” filminin bu səhnəsinə hər dəfə baxanda gülürəm. Vural verdiyi yol xəritəsiylə adamı aşağı diviziona aparacaqdı”.

Yılmaz Vural məşqçi karyerası ərzində yalnız Türkiyədə işləyib. O, “Osmanlıspor”, “Bursaspor”, “Kasımpaşa”, “Əskişəhərspor”, “Malatyaspor”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Elazığspor”, “Manisaspor”, “Konyaspor” kimi klublarda çalışıb. 68 yaşlı mütəxəssis son olaraq “Akhisarspor” klubunda baş məşqçilik edib.

Yılmaz Vuralın bəzi maraqlı açıqlamalarını təqdim edirik:

  • “Barselona” ilə eyni mentaliletə sahibik, eyni oyunu oynayırıq. Sadəcə, onlar çempionluq, biz isə aşağı liqaya düşməmək üçün mübarizə aparırıq”.
  • “Son nəfəsimə qədər böyük bir klubda işləmək üçün mübarizə aparacam. Zeki Müren səhnədə mahnı oxuyarkən öldü. Allah mənim də canımı meydanda alsın”.
  • “Milli komandaya xarici məşqçi gətirəcəklərsə, mənim alman pasportum da var”.

Vuralın rəhbərlik etdiyi “Elazığspor”un “Kayserispor”a 1:4 hesabıyla məğlub olduğu oyundan sonrakı açıqlaması:

  • “Kayserispor” rəsmən bizə təcavüz etdi. Asan qollar buraxdıq, hücumlar etdik, lakin olmadı”.