Daha bir federasiya can verir və ya, burda gülüş işarəsi düşünün

Bir vaxtlar böyük məbləğdə pulların xərcləndiyi Azərbaycan basketbolunda indi vəziyyət acınacaqlıdır. Acınacaqlı da yox, faciəvi, rüsvayçı durumda.

Komanda.az xəbər verir ki, bu gün basketbol üzrə Azərbaycan çempionatında çıxış edən ADNSU, “AzTop”, NTD, “80-lər” və “Alov”un nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Klub nümayəndələri Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibovdan şikayət ediblər. Onlar bildiriblər ki, federasiyada vəziyyət çox ağırdır, Nəsibov isə ümumiyyətlə, çempionat oyunlarını izləməyə gəlmir. Onun son dəfə 4 il əvvəl çempionat oyununa baxmağa gəldiyi deyilib.

Bastketbol klublarının dərdi bununla da bitmir. Onlar bildiriblər ki, oyun keçirməyə top tapmırlar. Şirkətlər isə “Azərbaycanda basketbol var?” deyərək, sponsorluqdan boyun qaçırırlar.

Komanda.az-ın qeydi: Bəli, bir zamanlar Azərbaycanda otüstü hokkey kimi, basketbola da ətək-ətək pullar xərclənirdi. Neftin dünya bazarında qiymətinin yüksək olduğu illərdə… Pullar havaya sovruldu, xaricdən dəvət edilən legionerlərə yedirildi, elə özümüzkülər – idarəçilikdə təmsil olunanlar da az yemədi. İndi isə Azərbaycanda basketbol heç kimin, hətta basketbol federasiyasının da yadına düşmür (burda gülüş işarəsi düşünün).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button