Dadaşovun klubundan daha 2 transfer

İngiltərənin “Vulverhempton” klubu heyətini daha 2 yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bir neçə gün öncə “Eştoril”dən Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovu transfer edən, amma onu Portuqaliyanın digər klubu “Pasuş de Ferreyra”ya icarəyə göndərən Premyer Liqa təmsilçisi sol cinah müdafiəçisi Siryak Mayunqa və hücumameylli yarımmüdafiəçi Meritan Şabanini də heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Şabani Almaniyanın “Bavariya” klubundan transfer olunub. Almaniyada anadan olan albaniyalı futbolçu Münhen klubunun yetirməsidi. O, geridə qalan mövsümdə “Bavariya”nın əsas komandasında 2 oyun da keçirib. 20 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Fransada anadan olsa da, Mərkəzi Afrika Respublikası yığmasının şərəfini qoruyan Mayunqa isə Lion “Olimpik”inin yetirməsidi. 19 yaşlı futbolçu İngiltərə klubu ilə 2 illik müqavilə bağlayıb.

“Vulverhempton” öz futbolçularından Brayt Enobaxareni də icarəyə göndərib. O, qarşıdakı mövsümdə “Viqan”ın uğurları üçün çalışacaq. “Vulverhempton”da 41 oyun keçirən, cəmi 1 qol vuran 21 yaşlı nigeriyalı forvard ötən mövsüm də “Kilmarnok” və “Koventri Siti” klublarında icarədə oynayıb.