Dadaşov komandasını Portuqaliya kubokunda 1/16 finala daşıdı

Futbol üzrə Portuqaliya kubokunda üçüncü təsnifat mərhələsinin görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasus de Ferreyra” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Louletano” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası əsas hissəsi 1:1 hesabıyla bitən bu görüşün əlavə vaxtında daha bir qol vurmaqla qalib gəlib və növbəti mərhələyə yüksəlib.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının qələbə qolunu da 110-cu dəqiqədə millimizin forvardı vurub. Dadaşov 115-ci dəqiqədə sarı vərəqə də alıb.