“Çox pis oynadıq, narazıyam” – Visente Qomes

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun ispan çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. “Səbail” qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.
  • Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?
  • Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.
  • Şakir Seyidovla bağlı nə düşünürsüz?
  • Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.
  • İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?
  • Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.
  • Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?
  • Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.

Şahin Cəfərov