“Nələr edə biləcəyimizə dair kiçik bir siqnal vermiş olduq” – Klopp

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Bavariya”ya 3:1 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “Liverpul”un böyük klub olduğunu bir daha sübut etdiklərini deyib:

“Bizim üçün çox böyük bir gecə idi. Burda üç qol vura bilmək çox çətindir. Biz böyük bir addım atdıq, nələr edə biləcəyimizə dair kiçik bir siqnal vermiş olduq və mən buna çox sevindim. Bu böyük klubun tarixinə daha bir səhifə əlavə etdiyimiz üçün xoşbəxtəm. Beynəlxalq səviyyədə “Liverpul”un nə qədər böyük bir klub olduğunu yenidən göstərdik. “Liverpul” hazırda aid olduğu yerdədir və addım-addım bunu sübut edərək, yüksələcəyik”.

51 yaşlı mütəxəssis, oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan Vircil Van Dayk haqqında da danışıb:

“Onun haqqında nə deyə bilərəm ki?! Van Daykın istedadı, güclü tərəfləri, nə qədər möhtəşəm bir xarakterə malik olması ilə bağlı kitab yaza bilərəm. Çox gənc, çox güclü, çox istedadlıdır. Xüsusilə, ikinci hissədə xarakterini ortaya qoydu və qalib gəlməyimizə yardım etdi”.