ÇL oyunu koronavirusa görə təxirə salındı

Futbol üzrə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində bu gün keçirilməli olan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlaması nəzərdə tutulan görüş koronavirus pandemiyası ilə əlaqədar baş tutmayıb.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə meydan sahibi klubun futbolçularında koronavirus aşkarlanması səbəbindən oyunun təxirə salındığı diqqətə çatdırılıb. Oyun ərəfəsində “Drita”nın kollektivindən götürülən analizlər nəticəsində iki futbolçuda koronavirus aşkarlanıb. Bu üzdən də bütün komanda üzvləri karantinə alınıb.

Qarşılaşmanın nə vaxt baş tutacağı və ya UEFA-nın hansı qərarı verəcəyi bəlli deyil.

Qeyd edək ki, “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ÇL-in 1-ci təsnifat mərhələsində “Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçirilməlidi. Avqsustun 25-26-da isə 2-ci təsnifat mərhələsinin oyunları keçiriləcək ki, “Legiya” ilə qarşılaşacaq komanda “Ararat” (Ermənistan) / “Omoniya” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.