“Qarabağ”la oyundan sonra qovulan məşqçi Ermənistan millisində?

Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda “Qarabağ”a məğlub olduqdan sonra istefaya göndərilən APOEL-in baş məşqçisi Paolo Trametsani Ermənistan millisini çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “kerkida.net” saytı məlumat yayıb. Xəbərdə, Trametsaninin Ermənistan yığmasında baş məşqçilik edəcəyi bildirilir.

Trametsani APOEL-in Kiprdə “Qarabağ”a məğlub olduğu (1:2) oyundan sonra istefaya göndərilmişdi. Daha sonra Nikosiya təmsilçisinin “sükan”ı Tomas Dolla tapşırıldı. Alman mütəxəssisin rəhbərlik etdiyi komanda ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ı Bakıda 2:0 hesabıyla məğlub edərək, pley-offa yüksəlmişdi.

“Qarabağ” Avropa Liqasında APOEL-lə bir qrupda mübarizə aparır. Qrup mərhələsinin 3-cü turunda Bakıda APOEL-lə qollu bərabərə qalan (2:2) “köhlən atlar”, sabah səfərdə kiprlilərin qonağı olacaq. Oyun saat 21:55-də start götürəcək.