Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

Türkiyənin İstanbul şəhəri futbol üzrə UEFA Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququnu itirə bilər.

Komanda.az xəbər verir ki, UEFA qarşılaşmanın başqa şəhərə keçirilməsi məsələsinə baxacaq.

Bunu qurumun vitse-prezidenti Mişel Uva açıqlayıb. O bildirib ki, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı çağırışlar müzakirə olunacaq.

Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başladığı hərbi əməliyyatlardan sonra bəzi mütəxəssislər finalın İstanbulda keçirilməsinə qarşı çıxıblar. Türkiyə yığmasının futbolçularının seçmə mərhələnin son oyunları zamanı qol sevincini əsgər salamı ilə qeyd etməsi də narazıların sayını artırıb: “Biz məsələyə idmanın müstəqilliyi baxımından yanaşıb, öz səlahiyyətlərimiz çərçivəsində baxacağıq. UEFA-nın qərarı təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşmədən sonra qəbul olunacaq”.

UEFA Çempionlar Liqasının finalı 2020-ci il mayın 30-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.