“Eyni şeyi təkrar-təkrar deməkdən bezdim” – Konte

Çempionlar Liqasında Dortmund “Borussiya”sına məğlub olan “İnter”in baş məşqçisi Antonio Konte fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 2:3 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Barselona” ilə oyunda da eyni şeylər oldu. Ancaq bu dəfə 2:0 hesabıyla öndəydik. Bu, daha çox məyus etdi. Oyun haqda çox şərh vermək istəmirəm. Kifayət qədər problem var və daha artığını yaratmaq istəmirəm.

Futbolçularım ən yaxşı oyunlarını ortaya qoyurlar. Buna görə onlara təşəkkür edirəm. Bundan daha artığını edə bilməzlər. Eyni şeyi təkrar-təkrar deməkdən bezdim. Ümid edirəm rəhbərlikdən də kimsə nəsə deyər. Dayanmadan oynayan futbolçularımız var. Belə nəticə sürpriz deyil.

Mövsümün əvvəlində çoxlu səhvlər edildi. Bu heyətlə həm A Seriyasında, həm də Çempionlar Liqasında mübarizə aparmaq çətindir. Həqiqətən, çox məyusam, bundan artığını edə bilmirik. Sərhədimizə çatdıq”.