“Çempion olmaq üçün nə qədər xala ehtiyacımız olduğunu düşünmürəm” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının növbəti turunda “Lids”lə keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, rəqibi yüksək qiymətləndirib:

“Sadəcə bu oyunu düşünürük. Oyunu, komandanın necə oynaması lazım olduğunu, zədədən dönəcək futbolçuları düşünürəm. Çempion olmaq üçün nə qədər xala ehtiyacımız olduğunu düşünmürəm. Çempionatda xal qazanmağa, turnirlərdə mübarizə aparmağa davam edəcəyik. Üç gündən bir oyunumuz var, etməyimiz lazım olan məşqlərə köklənməkdir.

Rəqibimiz çətin komandadır, meydanda döyüşürlər. Marselo Byelsanın çalışdırdığı bütün komandalara qarşı oynamaq çətin olub”.

“Lids” – “Mançester Siti” oyunu bu gün, saat 20:30-da start götürəcək.