“Çelsi” və MS-nin futbolçuları “Fulhem”də

İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Siti”nin müdafiəçisi Tosin Adarabioyonu, “Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çiki, Lion “Olimpik”inin müdafiəçisi Yoaxim Anderseni heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tosin Adarabioyo birdəfəlik transfer olunub. 23 yaşlı ingilis futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Mançester Siti”də əsas heyətə düşə bilməyən futbolçu bu üzdən son illərdə “Vest Bromviç” və “Blekbern”ə icarəyə verilmişdi.

Loftus-Çik mövsümün sonuna qədər icarəyə götürülüb. 2014-cü ildən “Çelsi”nin əsas komandasına cəlb olunan 24 yaşlı ingilis futbolçu 2017/18 mövsümündə “Kristal Pelas”da da icarədə oynayıb. O, İngiltərə yığmasına da cəlb olunur.

Yoaxim Andersen də bir illik icarəyə götürülüb. 24 yaşlı danimarkalı futbolçu 2019-cu ildən “Olimpik”dədir. “Tvente”nin yetirməsi olan futbolçu 2017-2019-cu illər aralığında “Sampdoriya”da da forma geyinib.