Abramoviç qərarını verdi, “Roma” və “Milan” gözləyir

Son zamanlar “Çelsi”dəki taleyi müzakirə olunan baş məşqçi Mauritsio Sarri vəzifəsindən göndəriləcək.

Komanda.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, alınan nəticələrdən və Premyer Liqanı üçüncü pillədə bitirməkdən razı qalmayan prezident Roman Abramoviç, cari mövsümün sonunda italiyalı mütəxəssislə yolları ayırmağa qərar verib. Sarrinin “zadəganlar”da keçirdiyi ilk mövsümündə Çempionlar Liqasına vəsiqə qazanmasının və Avropa Liqası ilə ölkə kubokunun finalında iştirak etməsinin uğur sayılmadığı və bu mövsümdən daha artığının gözlənildiyi bildirilib.

Bundan başqa, İtaliya A Seriyasında çıxış edən “Roma” və “Milan” 60 yaşlı mütəxəssisin London təmsilçisindəki vəziyyəti ilə yaxından maraqlanır. Sarri vəzifəsindən göndəriləcəyi halda, hər iki klub italiyalı mütəxəssisi komandanın “sükanı arxasına” gətirmək üçün hərəkətə keçəcək.