Canni De Byazi: “Özümüz də yaxşı oyun görmək istəyirik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi sabah Moldova yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis bu gün Kişinyovda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah çox vacib oyunumuz olacaq. Sentyabrda keçirəcəyimiz seçmə oyunlardan öncə son sınağımızdır. Təlim-məşq toplanışı ərzində iki yaxşı oyun keçirmişik. Sabah çox yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Moldova yığması Türkiyə ilə oyunda yaxşı futbol nümayiş etdirdi. Roberto Bordin yaxşı komanda formalaşdırıb. Çox diqqətli olmalıyıq. Çalışıb nəticə qazanmalıyıq.

Təkcə azarkeşlər deyil, özümüz də yaxşı oyun görmək istəyirik. Belarusla oyunda yaxşı oynadığımızı düşünürəm. Eyni tempdə 90 dəqiqə mübarizə aparmaq lazımdır. Bəzi inkişaf göz önündədir. Misal üçün, Belarusla oyunda qapı istiqamətinə 22 zərbə endirməyi bacarmışıq. Futbolda bu cür statistikalar vacib göstəricilərdir. Bu, həmin oyunda nəyə görə qalib gəldiyimizi göstərir.

Eyni oyunçuların bir yerdə oynaması daha yaxşı olar. Amma dəyişikliklər də olacaq. Təlim-məşq toplanışında iştirak edən hər futbolçunun nəyə qadir olduğunu bilmək vacibdir. Millinin qapısı hər futbolçu üçün açıqdır. Komandada milli ruh və təşkilatçılıq olmalıdır”.

Qeyd edək ki, iyunun 6-da Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button