Canni De Byazi: “Daha yaxşı nəticəyə layiq idik”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığması ilə qarşılaşdıqları matçdan (1:2) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, jurnalistlərin suallarını cavablandırıb.

  • Mahir Emreli və Namiq Ələsgərov Premyer Liqanın bombardiridir. Mahir ehtyatda idi, Namiq isə heyətə daxil edilməmişdi. Bu, nə ilə bağlı idi?
  • Fərqli qərarlar vermişəm. Azərbaycanda bombardir olmaqla beynəlxalq səviyyədə oynamaq fərqlidir. Bu gün fiziki baxımdan güclü komandaya qarşı oynayırdıq. İkinci hissədə yeni iki hücumçu meydana salmaq istədim, lakin əfsuslar olsun ki, Mahir tez zədələndi. Onun zədəsi bizim planlarımızı pozdu.
  • Əhvalınız necədir?
  • Özümü yaxşı hiss edirəm. Təbii ki, nəticəyə görə bir az narahatam. Daha yaxşı nəticəyə layiq idik. Mitroviç 3 oyunda 5 qol vurub. Bu matçda qapımıza iki zərbə vurdu və bunlar da qolla nəticələndi. Dörd yaxşı qol imkanımız oldu, ancaq dəyərləndirə bilmədik. Onlardan fərqimiz bu idi. Bu gün uşaqları təbrik etdim, onlardan razı qaldım. İnkişafımızı davam etdirəcəyik. İstəkli cavan oyunçularımız var. Bəzən səhvlər bizə baha başa gəlir.
  • Reallıq budur ki, iki oyuna komanda xal qazanmayıb. Yaxın gələcəkdə azarkeşləri ümidləndirmək üçün nəsə deyə bilərsiz?
  • Kim bizim oyunlara baxırsa, başa düşə bilər ki, müsbət məqamlar çoxdur. İki güclü rəqibə qarşı oynamışıq. Hamının oyununda mənfi situasiyalar tapa bilərik.
  • Namiqin heyətdə olmamasıyla bağlı daha ətraflı fikir bildirə bilərsiz?
  • Bütün oyunçuları izləyirəm. Namiqi komandadan qıraq salmamışam, ona böyük ümidlərim var. Bu gün ağır komandaya qarşı oynayırdıq. Düşündüm ki, yəqin bu gün Serbiya ilə matçda fiziki baxımdan çatdırmazdı.
  • Anatoli Nuriyevin əvəzlənməsinin səbəbi nə idi?
  • Özü əvəzlənmək istədi. Meydanı tərk edəndə də Azər Salahlının da çıxmaq istədiyini bildirdi. Nuriyev əvəzlənməyini özü xahiş etdi.
  • İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt lazımdır?
  • İstəyirsən sənə deyim, Albaniya yığması ilə nə qədər vaxt lazım oldu? Dörd il. İlk iki il komandanı qurduq, sonra Avropa çempionatına vəsiqə qazandıq.
  • Bu 4 il ərzində millinin futbolçuları utanmadan meydana çıxa biləcək?
  • Bu gün yaxşı oynadıq. İkinci hissədə bir müddət oldu ki, oyunu əlimizə aldıq. Düzdür, asan deyil. Mənim asan işlərdən xoşum gəlmir. Uşaqlar yavaş-yavaş dediklərimi başa düşür, etməyə başlayırlar. Oyundan oyuna daha yaxşı olacağıq. 6 gün əvvəl Portuqaliya ilə oynadıq. Artıq bu gün gördük ki, futbolçular yorulub meydandan çıxmaq istəyirlər.
  • İrlandiya və Lüksemburqla da bu cür oynayacaqsız? Ümumilikdə, bu oyunla komanda nəyə ümid edə bilər?
  • Yaxşı sualdır, bir az gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, qrupda güc baxımından sonuncuyuq, istəyiriksə, situasiyanı dəyişək, qorxmamalıyıq. Görürəm ki, irəliləyiş var. İlk hissədə ev tapşırığı hazırlamışdıq və Qurbani başla qol vura bilərdi. Bu oyun fəlsəfəmiz qalacaq. Növbəti rəqiblərin də heyətindəki futbolçular Avropa klublarında çıxış edir. Bizdə isə əfsuslar olsun ki, tək legioner Anatoli Nuriyevdir və onun da komandası Ukrayna çempionatında 13-cü yerdə gedir.
  • Fərid Nəbiyev adlı azərbaycanlı futbolçunu tanıyırsız?
  • Bəli, Çexiyada çıxış edir. Lakin indi o milli üçün tam hazır deyil.
  • Eddi İsrafilov və Dmitri Nazarovun üzərindən birdəfəlik xətt çəkilib?
  • Hazırda daha çox yerli çempionatda çıxış edən futbolçulara baxırıq. Gənc komandayıq, yeni formalaşırıq. Yolumuz asan deyil, çalışacağıq ən düzgün yolda gedək. Son illərdə millidə nəticələr yaxşı deyil, bu tendensiyanı dəyişmək istəyirəm.
  • Aleksey İsayev ötən günlərdə erməni birinə “qardaşım” deyərək, müraciət etmiş və bu narazılığa səbəb olmuşdu. Onu milliyə dəvət edəcəksiz?
  • Aleksey böyük səhv etdiyini başa düşüb. Buna görə onu öldürmək lazım deyil, hələ cavandır. Səhvini tez başa düşdü və tez paylaşımını sildi.
  • Vaxtilə Azərbaycan çempionatda 26 komanda olub, lakin indi 8 komandadır. De Byazi klubların sayının artırılması üçün AFFA rəhbərliyinə fikirlərini bildiribmi?
  • Hazırda federasiya əlindən gələni edir ki, çempionatın formatı dəyişsin. Daha çox oyunçunun olması bizim üçün də faydalıdır. Bizim Avropada yaxşı səviyyədə oynayan futbolçumuz azdır. Diqqətimizi yerli və cavan futbolçulara yönəldirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button