“Buraya məğlub olmağa gəlməmişdik” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm. Uzun illərdir bunu qeyd edirik. Ötən il torpaqlarımızı geri ala bildik.

Matça gəlincə, maraqlı oyun alındı. Zövq ala bildik. “Qarabağ” favorit olsa da, buraya məğlub olmağa gəlməmişdik. Sadəcə, cərimə zərbəsi nəticəyə təsir etdi. Futbolçular çəkinmədən oynadılar. Son nöqtəni istədiyimiz kimi qoya bilmirdik. “Qarabağ” vacib 3 xal qazandı. Növbəti oyuna hazırlaşmalıyıq. İnanıram ki, xallar qazana biləcəyik.

Amil Yunanov 100 faizlik qol fürsətini boşa verdi. Bu gün oyundan razı qaldım. İstəyirəm ki, bunun davamını gətirək.

Yeni transferlər komandaya gec qoşuldular. İki ay komandasız qalmışdılar. Görünür ki, vaxt lazımdır. Bəzi mövqelərdə çatışmazlıqlar var deyə transferlər etdik. İnanıram ki, hamısı komandama kömək edəcək”.