“Bura Ronaldoya rəqib olmaq üçün gəlməmişəm” – Riberi

İtaliyanın “Fiorentina” klubuna transfer olunan Frank Riberi açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, “Fiorentina”ya transfer olunduğu üçün xoşbəxt olduğunu deyib:

“Uzun müddətdir klubla danışıqlar apardıqdan sonra bura gəldiyim üçün xoşbəxtəm. Rəhbərlikdən böyük motivasiya və etimad gördüm, ona görə də, burdayam. Çox həvəsliyəm, hər zaman oynamaq istəyirəm. “Fiorentina” ilə 2 illik müqaviləm var. Qətiyyətli olmaq və burdakı gənc futbolçulara kömək etmək niyyətindəyəm. Bu klub üçün yeni nələrsə etmək və komandanı turnir cədvəlinin ilk 3-lüyünə daxil etmək istəyirəm”.

Futbolçu, “Yuventus”da çıxış edən Kriştiano Ronaldoya rəqib olması ilə bağlı bunları deyib:

“Fiorentina”ya kömək etmək üçün burdayam. Bura Ronaldoya rəqib olmaq üçün gəlməmişəm. A Seriyası əla futbolçuların olduğu möhtəşəm turnirdir. Burdakı insanların futbolu sevmələri və futbolla yaşamaları ən çox qiymətləndirdiyim şeydir. Bu, mənim üçün çox gözəl təcrübədir və bundan zövq almaq istəyirəm. Futbol mənim həyatımdır. Bu, Avropada qalmaq istəməyimin əsas səbəbi idi. Françesko Totti kimi, 40 yaşımadək futbol oynayacağıma ümid edirəm”.