“Bilirsiz ki, insanlar keçmişi çox tez unudurlar” – “Real”ın futbolçusu

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Ayaks”a 1:4 hesabı ilə məğlub olan “Real”ın futbolçusu Toni Kroos, açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bunları deyib:

“Bizim yaxşı komandamız var. Bunu mövsüm ərzində dəfələrlə göstərmişik, amma sabit oynamırıq. Bu gün də qeyri-sabit çıxış etdik. Biz bu həftə hər şeyi itirdik. Artıq heç bir kubok üçün şansımız qalmayıb. Bunu qəbul etmək çətindir. Rəqibi təbrik edirik, onlar bu gün çox yaxşı oyun göstərdilər. Biz isə mövsümün qalan hissəsində ciddi şəkildə hazılaşmalı və bundan sonraya köklənməliyik. Komandamız yüksək səviyyədədir, amma bizdən heç kim bu mövsüm yaxşı səviyyədə oynamadı.

Bilirsiz ki, insanlar keçmişi çox tez unudurlar. Çempionlar Liqasını ardıcıl üç dəfə qazanmağımız qeyri-adi bir şey idi. Bunu əminliklə deyə bilərəm, bir daha heç bir klub bunu bacarmayacaq”.