“Bunu hiss etdirməməyə çalışdıq” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis, 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun izlədik. Hər iki komanda çoxlu qol epizodu yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi. İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. “Zirə”nin heyəti bizdən qat-qat genişdir. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi”.

Hacıyevin sözlərinə görə, ön xətt oyunçusu Mirsahib Abbasov ailəvi problemlərinə görə matçda iştirak etməyib: “Bu gün Peyman Keşavarza şans vermədik, bizim mərkəz müdafiəçimiz azdır. Ürfan Abbasovu bu mövqedə sınadıq, onda pis alınmadı. Çalışacağıq ki, əlimizdə olan heyətlə nəsə edək”.

Çalışdırıcı, penaltidən istifadə edə bilməyən hücumçu Rauf Əliyevlə bağlı bunları söyləyib: “Onu həmişə penaltini vuran oyunçu kimi tanımışıq. Bu dəfə qapıçı penaltini dəf etdi. Bu, onun ustalığından xəbər verir. Rauf vura bilmədisə, o demək deyil ki, ona güvənməyəcəyik”.