Bunlar kor deyil, bəs nədir?

Kürşad

“Qarabağ” – “Sabah” oyununda bəzi epizodların təkrarına baxdıqda məlum olur ki, azərbaycanlı savadsızlar – hakimlər bir komandanın haqqını digər komandaya yedirib. Açığı, “Qarabağ”ın hakimlərin köməyinə ehtiyacı olduğunu, baş məşqçi Qurban Qurbanovun Azərbaycan Premyer Liqasında referilərdən mədət umduğunu düşünmürəm. “Qarabağ”ın da, Qurbanovun da buna ehtiyacı yoxdur.

Bəs o zaman problem nədir?

Problem azərbaycanlı referilərin işini düzgün, VAR otağında əyləşənlərin isə meydanda baş verənləri yaxşı görə bilməməsidir. Yeri gəlmişkən, elə bu gün mətbuatda bizdə VAR-la bağlı problemi yaradan səbəblərdən biri – keyfiyyətli çəkilişin olmaması haqda oxudum. Keyfiyyətli çəkilişi təmin edə bilməyəcəkdizsə, mübahisəli epizodları düzgün rakurslardan işıqlandıra bilməyəcəkdizsə, bizdəki VAR-ın özünə nəzarət etmək üçün əlavə VAR sisteminə ehtiyac olacaqdısa, onda bu sistemi niyə qururduz burda? “Qarabağ”la oyunda topun “Sabah”ın yox, rəqibin futbolçusundan meydandan çıxdığını görmürsüzsə, meydandakı hakimləriniz də, VAR otağında əyləşənləriniz də kor deyil, bəs nədir?

Yeni mövsüm təzəcə başlayıb, Azərbaycanda futbol yox, hakimlər, onların qərarları müzakirə olunur. Bu vecsiz hakimlər artıq bir neçə komandanın halal haqqını – xalını əlindən alıb, vecsiz qərarlarına etiraz edən futbolçuları, baş məşqçiləri (Rəşad Sadıqov, Murad Musayev) ağır cəzalandırıb. Bəs yaxşı, bu vecsiz hakimləri, bu hakimləri Azərbaycan futboluna “dürtüşdürənlər”i kim, nə vaxt cəzalandıracaq?

Bizi Telegramda izləyin