Dumanda parlayan, heykəli qoyulan yarıtürk, yarıingilisin hekayəsi – Yazı+Fotolar

Hazırda İngiltərə Premyer Liqasında mübarizə aparan türkiyəli iki futbolçu – Cağlar Söyüncü və Cenk Tosun var. Bundan əvvəl isə Nihat Kahveci, Tuncay Şanlı, Hakan Ünsal, Mustafa İzzət, Tuqay Kerimoğlu, Hakan Şükür, Əmrə Belezoğlu, Yıldıray Baştürk kimi Türkiyə futbolunun öndə olan simaları futbolun vətəni sayılan İngiltərədə top qovub.

Onların arasında “Dumanlı Albion”da öz sözünü deyən, geyindiyi klubun aparıcı simasına çevrilənlərindən biri də Mustafa İzzət – ingilis fanatların təbirincə desək, “Muzzi” ləqəbli yarımmüdafiəçidir. Bu gün “Lester”in stadionunun yaxınlığında heykəli belə, qoyulan bu türk haqda danışacağıq.

Mustafa İzzət 1974-cü ildə İngiltərənin London şəhərində dünyaya gəlib. Kipr türkü olan ata və ingilis ananın övladı olan Mustafanın adı anası tərəfindən qoyulub. Bu, onun anasının Mustafa Kamal Atatürkə olan sevgisi ilə əlaqəlidir. İzzət, Mustafa adını daşımasının qürurverici olduğunu belə izah edib:

“Şərqdə, Londonda Mustafa İzzət adı ilə dünyaya gəldiyimdə çətin bir missiyam olduğunun fərqini hiss etmişdim. Bu, məni güclü biri edirdi. Ancaq bu adı daşımaq da bir qədər çətin idi. Məsələn, məktəbdə “Mustafa Kamal kimdir?” deyiləndə, bütün diqqətlər mənim üzərimdə olurdu, ancaq mən adımla fəxr edirdim. Həm türk idim, həm də ingilis”.

Təsadüfi deyil ki, Mustafanın balaca qardaşının da adı Kamaldır. Kamal da İngiltərədə – “Çarlton”, “Kolçester”, “Nidham Market” kimi klublarda çıxış edib. Qardaşı qədər məşhurlaşa bilməyən Kamal, 2016-cı ildə futbolla vidalaşıb və hazırda menecer kimi fəaliyyət göstərir.

İndi isə qayıdaq “Muzzi” ləqəbli Mustafaya. Erkən yaşlarından futbolla məşğul olmağa başlayan Mustafa, “Çelsi”nin akademiyasına daxil olur. 19 yaşında ilk peşəkar müqaviləsinə imza atan gənc yarımmüdafiəçi, 1993-1996–cı illər aralığında “zadəganlar”la sadəcə 4 rəsmi oyunda iştirak edir. Oyun praktikasının azlığından narahat olan Mustafa, 1996-cı ildə “Lester” klubuna üz tutur.

1996-cı ildə “tülkülər”lə macərası başlayan Mustafa, bu komandada uzun müddət – 8 il forma geyinir. İngiltərənin köklü klublarından sayılan “Çelsi”dən ayrılaraq, Çempionşip təmsilçisiylə 3 aylıq icarə müqaviləsi imzalayan İzzətin komandası həmin mövsümdə Premyer Liqaya vəsiqə qazanır. Komandanın baş məşqçisi Martin Onilin diqqətini çəkməyi bacaran türk, “Lester” klubu ilə uzunmüddəti müqavilə imzalayır. “Tülkülər” İzzət üçün “Çelsi”yə 800 min funt-sterlinq ödəyir.

Növbəti mövsümdə “Muzzi” “Lester”də yarımmüdafiənin əsas oyunçusuna çevrilir və 30-dan çox qarşılaşmada iştirak edir, komandasının liqa kubokunu qazanmasında pay sahiblərindən olur. İzzətin “Lester”ə keçidi, bir növ, “tülkülər”ə şans da gətirir. Daha əvvəl aşağı liqada oynayan komanda, Mustafanın gəlişi ilə Premyer Liqaya yüksəlir, yeni mövsümdə isə liqa kubokunu qazanaraq, avrokuboklara vəsiqə əldə edir. İzzət ilk avrokubok təcrübəsini “Atletiko” ilə oyunda yaşayır. Lakin komandası güclü rəqibiylə bacarmır və turnirlə erkən vidalaşır.

“Lester” o dövrlərdə gah Premyer Liqaya vəsiqə qazanır, gah da növbəti ili elitayla vidalaşırdı. Komandasının enişli-çıxışlı vaxtlarında İzzət azarkeşlərlə də xoş münasibət yarada bilir və onların sevimli oyunçusuna çevrilməyi bacarır. O, qol vurduqdan sonra sevincini tribunalara qaçaraq qeyd edir.

2000-ci ildə “Lester”in heyətinin aparıcı üzvlərindən olan Emil Heski, Nil Lennon kimi futbolçular klubu tərk edir. İzzət isə “Mançester Yunayted”in marağına baxmayaraq, komandasına sadiq qalır. Ayrılıqların ard-arda gəldiyi bir vaxtda “Lester”də baş məşqçi Martin Onil də getmək fikrinə düşür. Şotlandiyanın “Seltik” klubu ilə razılaşan irland mütəxəssis də “tülkülər”lə macərasına son verir.

Komandanın “sükan”ı Piter Teylora tapşırılır. Ulduz futbolçuların və Onilin ayrılığı “Lester”ə təsirsiz ötüşmür və komanda həmin – 2000/01 mövsümünü 13-cü sırada bitirir.

1996-2004-cü illər aralığında “Lester”də forma geyinən Mustafa İzzətə ingilis fanatlar “Muzzi” ləqəbini vermişdi. Klubun unudulmaz simalarından birinə çevrilməyi bacaran İzzətin karyerasını bitirdikdən sonra bürünc heykəli “Lester”in stadionunun yaxınlığında qoyulur.

Mustafa İzzətin “Lester” formasıyla “Qrimbsi”nin qapısına vurduğu qol

“Lester”dən sonra “Birmingem”ə keçən Mustafa, burda iki mövsüm keçirdikdən sonra karyerasını bitirir.

Mustafa Türkiyə milli komandasından gələn dəvəti dərhal qəbul etmişdi. Çünki o, bu yığma üçün oynamaq istəyirdi. Lakin “Muzzi”nin millidəki performansı elə də uğurlu alınmayıb. Şenol Günəşin rəhbərlik etdiyi Türkiyə milli komandası ilə DÇ-2002 öncəsi hazırlıqda olan İzzət, türk dilini yaxşı bilmirdi. Türkiyə millisində ona ingilis tərcüməçi tutulmamışdı və o, hazırlıq müddətində məşqçinin verdiyi tapşırıqları dəqiq başa düşə bilmirdi.

DÇ-2002-də Türkiyə millisinin Braziliya ilə oynadığı yarımfinal matçında son 16 dəqiqədə meydanda olan İzzət, heç nə ilə yadda qala bilmir. Karyerasını bitirdikdən sonra avtobioqrafiyasını yazan İzzət, kitabında həmin günlərini belə xatırlayırdı:

“Nə oldu, bilmədim, bəlkə də, Ümit Davala zədələnmişdi, bilmirəm… Əslində, heç zədəli də deyildi. O, yaxşı futbolçu idi, bütün komanda da bunu bilirdi. Sonra anidən biri mənə “hazırlaş, oyuna girirsən” dedi. Çox təəccüblənmişdim, həqiqətən, oyuna girəcəkdim mən. Baş məşqçimiz Şenol Günəş mənə “sağ tərəfə” dedi. Onsuz da 8 ayda öyrənə bildiyim tək söz bu idi – sağ tərəfə. Sağ tərəfə getdim, başımı qaldırdım və gördüm ki, qabağımda Roberto Karlos. Dünyanın ən yaxşı müdafiəçisi və yəqin yorulmamışdı. Onu keçməyə cəhd edirdim. Ümumilikdə, bəlkə də, həyatımda bir oyunda bu qədər eqoist olmuşdum. Topu götürürdüm və dərhal da cərimə meydançasına girməyə çalışırdım. Tək düşündüyüm, “20 dəqiqəm var və qol vurmalıyam” idi. Normalda belə düşünmərəm, amma o oyun başqa idi”.

İzzət Braziliya ilə oyundan sonra Roberto Karlosla formasını dəyişmişdi. Ancaq daha sonra yaşadığı qəsəbədə, oğlu üçün pul axtaran bir kişiyə bu formanı hərraca çıxarması üçün verib. “Muzzi” yerli və xarici mətbuata verdiyi müsahibələrində də, bu hadisə haqda danışmaq istəmədiyini bildirirdi.

İzzət, avtobioqrafiyasında Türkiyə milli komandasındakı günlərini maraqla xatırlayıb. Ən böyük peşmançılığı kimi türk dilini öyrənməməsini qeyd edən keçmiş yarımmüdafiəçi, yığmadakı komanda yoldaşlarıyla münasibətindən də söz açıb:

“6-7 yaşımda sünnət olmuşdum. Türkiyə milli komandasına ilk dəfə çağırılanda maraqlı hadisələr yaşanmışdı. Paltardəyişmə otağında bütün futbolçular ətrafıma dolanmışdı. Onlardan biri mənə dedi ki, “hamı sənin yaxşı bir türk kişisi olub-olmadığını bilmək istəyir”. Nə edəcəyimi bilmirdim. Sonra onlara cinsiyyət orqanımı göstərdim. Bundan sonra başlarını tərpədib, təsdiqlədilər. Daha əvvəl heç bir kişiyə cinsiyyət orqanımı göstərməmişdim. Bu, mənim komanda yoldaşlarıma uyğunlaşmağıma çox kömək olmuşdu”.

Türkiyə milli komandasına 2000-2004-cü illər aralığında dəvət alan İzzət, sadəcə 9 rəsmi oyuna çıxıb və fərqlənə bilməyib. “Muzzi” Türkiyə yığmasının 2000-ci ildə Azərbaycanla keçirdiyi yoxlama oyununda meydana 10 nömrəli forma və kapitanlıq sarğısı ilə çıxmışdı. Görüş türkiyəlilərin minimal hesablı qələbəsiylə başa çatmışdı – 1:0.

2006-cı ildə karyerasını bitirən İzzət, 2009-cu ildə həvəskar komanda olan “Turmaston”la müqavilə imzalayaraq, karyerasını bərpa etdiyini açıqlayıb. Lakin yeni komandasıyla bir oyun oynadıqdan sonra zədəsinə görə hər həftə oynaya bilməyəcəyini deyərək, komandadan ayrılıb, karyerasını sonlandırmışdı.

İzzət, Premyer Liqada bir çox mükafatlar qazanıb. Keçmiş yarımmüdafiəçi bir dəfə azarkeşlər tərəfindən “Lester”də ilin futbolçusu seçilib. O, Premyer Liqada bir neçə dəfə ayın futbolçusu mükafatını qazanıb, iki mövsüm ard-arda isə ən məhsuldar oyunçu ünvanına sahib olub.

Mustafa İzzət “Lester”də birlikdə forma geyindiyi Stiv Uolşla futbol akademiyası açıb və hazırda orda işləyir.

Şahin Cəfərov