Bundesliqa klubu 3 hücumçusu ilə vidalaşdı

Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Qonsalo Pasiensiya Frankfurt təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu bundan sonrakı karyerasını İspaniyanın “Selta” klubunda davam etdirəcək.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Selta”nın bu keçidə görə “Ayntraxt”a nə qədər təzminat ödədiyi açıqlanmır.

Qonsalo Pasiensiya 2018-ci ildən “Ayntraxt”ın uğurları üçün çalışırdı. O, 2020/21 mövsümündə “Şalke”də icarədə də oynayıb. Frankfurt təmsilçisində 86 oyun keçirmiş futbolçu, burada 20 qola sevinib, 7 məhsuldar ötürmə müəllifi olub. Portuqaliyalı futbolçu daha öncə “Portu”, “Akademika”, “Olimpiakos”, “Rio Ave” və “Vitoriya de Setubal” klublarının da formasını geyinib. Portuqaliya yığmasında 2 oyuna çıxmış hücumçu cəmi 1 qol vurub.

“Ayntraxt” 17 yaşlı hücumçusu Enrike Erreronu da Madrid “Real”ına satıb. Frankfurt təmsilçisi ispaniyalı futbolçunun transferinə görə 300 min avro gəlir əldə edib. Almaniya klubu hücumçunu 2021-ci ilin iyulunda “Vilyarreal”dan azad agent kimi heyətinə qatmışdı.

“Ayntraxt”ın türkiyəli hücumçusu Ali Akman da ölkəsinə dönüb. Frankfurt klubu onu “Göztəpə”yə icarəyə verib. 20 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi İzmir təmsilçisinin uğurları üçün çalışacaq.

“Bursaspor”un yetirməsi olan Ali Akman, 2021-ci ilin fevralından “Ayntraxt”dadır. Türkiyənin U-21 yığmasının üzvü ötən mövsümü də Niderlandın “NEK Neymegen” klubunda icarədə keçirib.