“Bu, üzərimizdə əlavə təzyiq yaradır” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizi təbrik edirəm. Hər iki komandanın fanatları 90 dəqiqə dayanmadan oyuna rəng qatdılar. Bizim üçün bu oyunda xal qazanmaq önəmli idi. Fasilədən sonra üç gün ərzində bu oyuna kökləndik. Rəqib komandanın baş məşqçisi Samir Abasovun işi göz önündədir. Yerli mütəxəssis kimi çempionluq qazanıb. Pis oynamadıq, uda da, uduza da bilərdik. Bir xal qazandıq. İkinci dövrədə ilk dövrədəki səhvləri düzəltməyə çalışacağıq.

Ötən mövsüm ilk dövrəni birinci pillədə bitirmişdik. Futbolçularımız öz səviyyələrini artırmalıdır. Oyun baxımından fərq yoxdur. Yeganə fərq az xal qazanmağımızdır. İndi “Sumqayıt”a üç il əvvəl olduğu kimi yanaşılmır. İndi bizdən hər matçda yaxşı oyun gözləyirlər. Bu, bir tərəfdən yaxşı olsa da, üzərimizdə əlavə təzyiq yaradır. Gənc futbolçularımız var, onlar inkişaf etməlidirlər. Bir qədər səbrli olmalıyıq. Zəiflik göstərsək, bizə çətin olacaq.

Qolumuzu Murad Xaçayev vurdu. Variantlarımız çoxdur. Kollektiv oyuna daha çox üstünlük veririk. Rəhim Sadıxov və Əli Qurbani isə oyunumuzu tamamlayır. Rəqibin hücumlarının qarşısını almaq üçün çalışırıq. Komandada hansı problemlərin olduğunu bilirəm, amma bunları açıqlamağı düzgün saymıram. İkinci dövrədə ilk dördlükdən qopmamağı qarşıya məqsəd qoymuşuq. Mübarizə sonadək gedəcək.

Əli Qurbani zədədən yeni qayıtmışdı. Meydanda təqribən 70-75 dəqiqə saxlamaq istəyirdik. Elə alındı ki, əvəzlənməyə yaxın zədə aldı. Amma inanmıram ki, ciddi olsun”.