Canni De Byazinin “romantika”sı

Abdulla İsmayıloğlu

“Məqsədimiz Millətlər Liqasında qrupun qalibi olmaqdır. Bunu həyata keçirməyə çalışacağıq. Əlbəttə ki, asan olmayacaq. Amma özümüzü inandırmalıyıq ki, bunu edə bilərik. Azərbaycan millisini böyütməyə çalışacağıq”.

Bu sözləri bir müddət əvvəl Azərbaycan millisinə baş məşqçi təyin olunan Canni De Byazi müsahibəsi zamanı demişdi. Amma nədənsə qarşısına birinciliyi məqsəd qoyan, özündən başqa hamını buna inandıran Byazi seçmə mərhələdə dörd matçda nümayiş etdirdiyi oyun və topladığı 4 xalla yığmamızı böyütmək əvəzinə kiçiltməklə məşğuldur. Ən böyük faciə isə ondadır ki, nə AFFA, nə də futbol ictimaiyyəti göz qabağında olan nəticələrə görə italiyalıya güldən ağır söz deyir.

Vaxtı ilə Şahin Diniyev yığmaya rəhbərlik etdiyi dönəmdə hamı onu seçmə mərhələdə olduqca zəif çıxış etməkdə, əsas da, komandanın böyükhesablı məğlubiyyətlərinə görə kəskin qınayırdı. Bunun nəticəsi kimi, Bakıda Serbiya millisinə 1:6 hesablı məğlubiyyətdən sonra, seçmə mərhələnin bitməsini gözləməyərək, Diniyevi istefaya yolladılar.

Tarixə ekskursiya etməklə Diniyevi göylərə qaldırmaq məqsədim yoxdur. Amma həqiqətləri gizlətməyə də haqqımız yoxdur. Bir il müddətində yığmamızın “sükanı arxasında” olan Karlos Alberto Torres ölkə çempionatı zamanı klublarımızın oyunlarını izləyərək milliyə daha layiqli futbolçuları çağırmaq əvəzinə, ilin demək olar ki, hamısını öz vətənində keçirirdi. Yalnız seçmə mərhələnin oyunlarına bir-iki həftə qalmış Azərbaycan adlı ölkənin yığma komandasının baş məşqçisi olduğu xatırlayan mərhum braziliyalıdan fərqli olaraq, Diniyev çempionat oyunlarının hamısını izləyir, millinin təlim-məşq toplanışına daha hazırlıqlı futbolçuları dəvət edirdi. Məhz Diniyevin zamanında Vaqif Cavadov, Elvin Məmmədov, Vüqar Nadirov kimi gənc, perspektivli futbolçular millidə parladı.

Diniyevi yola saldıqdan sonra AFFA-da yenidən əcnəbi məşqçiləri gül-çiçəklə qarşılama mərasimləri davam etdirildi. Berti Foqts, Robert Prosnieçki də “olimp zəfərləri” əldə edə bilməyəndə bütün nəzərlər ölkənin bir nömrəli yerli məşqçisi Qurban Qurbanovun üzərində fokslandı. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək milliyə rəhbərlik edən Qurban bəy UEFA Millətlər Liqasında yalnız güclü Kosovo millisinə səfərdə məğlub olmaqla, qrup ikincisi oldu. Lakin “uzaqgörən” AFFA rəhbərliyi ölkənin bir nömrəli məşqçisini “nəticə hasil edə bilməyən mütəxəsis” damğasıyla Diniyevin sırasına qatdı.

“Everest zirvəsi”ni fəth etmək xəyalına düşən AFFA rəhbərliyi baş məşqçi kimi təcrübəsi olmayan Nikola Yurçeviçi millinin “sükanı arxasına” gətirdi. Sonuncu nümayiş etdirdiyi məşqçi “bacarığı”yla ölkəmizə gəlib-getmiş bütün əcnəbi məşqçilərin ölənlərinə “rəhmət” oxutdu. Xorvatiyalı seçmə mərhələdə güclə bir xal toplamaqla AFFA-nın bütün ümidlərini puç etdi. Bir halda ki, əcnəbiləri gətirməklə yığmanın oyunlarında yaradıcılıq, inkişaf və matç sonunda tablodakı rəqəmlər xeyrimizə olmayacaq, onda yerli məşqçiləri niyə gözüm-çıxdıya salmalıyıq?

İtaliyalı De Byazinin rəhbərliyi altında yığma Kipr səfərindən qələbəylə qayıdanda bu uğurun davamlı olacağına şübhə edirdim, baxmayaraq, çoxu artıq onu bizə böyük zəfərlər qazandıracaq “Sezar” hesab edirdi. Millətlər Liqasının son iki oyunu göstərdi ki, Byazinin “sezarlığ”ı yığmanı tərəqqi əvəzinə, tənəzzülə doğru aparır. Monteneqro ilə oyunda qolların buraxılması, məğlubiyyət sırf kobud səhvlərdən dolayı oldu. Ev sahibi olan rəqib heç də üstün oyunu ilə deyil, səhvlərimiz sayəsində qalib gəldi. Həmin oyunda futbolçularımız sanki meydana otu tapdalamaq üçün çıxmışdılar. Kiprlə növbəti matçda da milli komanda göz oxşayan oyun göstərə bilmədi. Nikosiyada məğlub etdiyimiz komanda son oyunda bizdən xal qopara bildi. Hansı ki, bu oyunda millimiz qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıydı.

“Tobol” klubundan ayrıldıqdan sonra oyun praktikasından əziyyət çəkən, “Qarabağ”da da yetərincə şans qazanmayan Emil Balayevə üç oyunda start heyətdə yer verilməsinə nə zərurət vardı? Bir halda ki, Şahruddin Məhəmmədəliyev daha yaxşı formadadır. Məhz Balayevin oyun praktikasızlığı qolların buraxılmasında öz sözünü dedi. Futbolçu nə qədər təcrübəli olursa-olsun, oyun praktikası yoxdursa, onu start heyətdə oynatmaq böyük riskdir. Bir müqayəsini qeyd etmək yerinə düşər. 34 yaşlı Kamran Ağayev qolkiper olaraq millinin toplanışına dəvət olunan hər üç qapıçıdan, həmçinin çempionatımızda çıxış edən əlcək sahiblərinin hər birindən daha təcrübəlidir. İki il klubsuz qalan Ağayev nəhayət ki, “Səbail”ə transfer olundu. Lakin klubun baş məşqçisi Aftandil Hacıyev mətbuata açıqlamasında israrla qeyd etdi:

“Kamran təcrübəli qolkiper olsa da, uzun müddətdir oynamadığından, əvvəlki formasından çox uzaqdır, həm də, artıq çəki yığıb. O, qapı xəttində yer alması üçün hələ çox məşq etməlidir”.

Gənc yerli məşqçimiz futbolun sadə həqiqətini dərk edərək daha hazırlıqlı qapıçını meydana buraxdığı halda, Byazi öz “romantika”sıyla heyət qurur. 

İtaliyalı mütəxəssis çıxışlarında dəfələrlə qeyd edib ki, “Mənim üçün əsas, nəticə və onu qoruyub saxlamaqdır, ona görə, beşli müdafiə xəttinə üstünlük verirəm”. Oyunlar isə göstərdi ki, beşli müdafiə xətti millimizə yaxşı yox, mənfi nəticələr qazandırır. Nikola Yurçeviçin vaxtında müdafiə xətti necə bərbad idisə, indi də elədir. Beş müdafiəçi əvəzinə orta sahədə həmin sayda yarımmüdafiəçi (onlardan üçü dayaq yarımmüdafiəçisi olmaqla) oynatmaqla, istər rəqibin özlərinə aid hissəsində, istərsə də meydanın mərkəzində daha çox pressinq tətbiq etməklə, müdafiənin üzərinə düşən ağır təzyiqi müəyyən qədər azaltmaq olardı. Müdafiə daim təzyiq altındadırsa, səhvlər, qol buraxmalar, məğlubiyyət şansı olduqca yüksək, bəzən isə qaçılmazdır.

Byazi fiaskolarına haqq qazandırmaq üçün “Mən yalnız yerli çempionatda çıxış edən futbolçuların xidmətindən yararlanıram. Albaniyadakı kimi, sərəncamımda başqa ölkələrdə oynayan və fərqli təcrübəsi olan oyunçular yoxdur” deyir.İtaliyalı ABŞ-da oynayan, kifayət qədər də özünü yaxşı tərəfdən göstərən Rüfət Dadaşovu, eləcə də, üzlərinə millinin qapıları hələ də bağlı qalan Fərid Nəbiyev, Arzuman Rizvanov, Nurlan Novruzov, Dmitri Nağıyev, Amit Quluzadə, Nicat Qurbanov, Fuad Bayramov kimi az saylı legionerlərimizin xidmətindən niyə istifadə etmir? Hər halda, adları çəkilən futbolçular Eddi İsrafilov, Dmitri Nazarov kimi millidə oynamağa ağız büzənlərdən daha çox fayda verərlər. Həmçinin, millinin seleksiyaçıları xaricdə oynayan azərbaycanlı futbolçuları axtarıb tapmaq üçün niyə məşğul olmur?Başda AFFA olmaqla, bütün futbol ictimaiyyəti dərk etməlidir ki, ölkənin bir nömrəli komandasında oynamağı özü üçün şərəf yox, maddi qazanc götürmək hesab edən ünsürlərə Azərbaycan pasportunu peşkəş edib, milliyə sırımaq olmaz!

Byazi və onun köməkçilərinə 900 min avro+bonuslar xəcləmək əvəzinə, həmin məbləğin yarısı müqabilində yerli mütəxəssisləri millinin “sükanı arxasına” gətirmək olmazdımı?

AFFA qeyri-adi reklam menecerliyi və səmərəsiz şəxslərə, işlərə milyonlarla kapital yatırmasıyla diqqət çəkir. Belə ki, ya futbolçu kimi dünya ulduzu olmuş, amma məşqçi kimi son dərəcə bacarıqsız, yaxud nə futbolçu, nə də məşqçi kimi heç bir uğuru olmayan şəxsləri yığmanın “sükanı arxasına” gətirərək, onları məşhurlaşdırır, ya da yaşı keçmiş, çəki yığmış məşhur futbolçuları klublarımıza transfer etməklə məşğul olduqları halda, uşaq futbolunun inkişafına və futbolçularımızın xarici klublara keçidinə qətiyyən maraq göstərmir. Dediklərimə bariz nümunə kimi mərhum Karlos Alberto Torresi, Berti Foqtsu, Nikola Yurçeviçi, Emil Mpenzanı, Marat İzmaylovu, Maris Verpakovskini, Ahmet Dursunu, Maykl Essyeni göstərə bilərəm.

Canni De Byazi deyir ki, “Azərbaycana pul üçün gəlməmişəm, ölkə futbolu üçün vacib işlər görmək, Azərbaycan xalqının bir parçası olmaq istəyirəm”. Amma hələ ki, yaşıl meydanda göstərdiyi “qəhrəmanlıq”la populist açıqlamaları tamamilə tərs-mütənasibdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button