“Bu rayona Premyer Liqa yaraşır”

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Oyunun çətin keçəcəyini bilirdik. Kubokda 1/8 final mərhələsi bir matçdan ibarətdir. Ona görə də komandanı ağır və çətin səfər matçına kökləmişdik. Sevindiricidir ki, neçə ildən sonra Tovuzda oynayırdıq. Bizlərə bir az nostalji hissləri yaşatdı. Tovuz komandası bizə çətinliklər yaratdı. Çətin qələbə qazandıq. Soyunub-geyinmə otağında da futbolçularımızın yorulduğu hiss olunurdu. Rəqib hərəkətli komandadır, meydanda çox qaçırdı. Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, “Turan Tovuz” Premyer Liqada çıxış etsin. İkinci qol oyun epizodu idi. Rəqib gənc oyunçu olduğu üçün dayandı. Qaydalar tələb edir ki, hakimin qərarına qədər davam eləmək lazımdır. Futbolda belə hallar yaşanır. Bunu normal qarşılaşmaq lazımdır”.