“Bu qələbə mənim üçün ən yaddaqalan nəticə oldu”

Bu gün apreldə Buxarestdə keçirilmiş Avropa çempionatının medalçılarının mükafatlandırılma mərasimi başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının başçısı Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, AGF-nin rəhbəri bir sıra aktual məsələlərə toxunub:

“Azərbaycan güləş dünyasında böyük ölkələrlə rəqabət aparır və artıq öz yerini bu aləmdə tutub. Mənim də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinə üzv seçilməyim təsadüfi deyil. Bilirsiniz ki, bu seçim Konqresdə baş tutur. 200-dən artıq ölkə Konqresdə təmsil olunur. Orada təmsil olunmağımız Azərbaycan güləşinin inkişafına xidmət edir. Dünya güləşində də bunu qiymətləndirirlər. İlk dəfə 2010-cu ildə İK-ya üzv seçilmişdim. İkinci dəfə 2016-cı ildə baş tutan seçkidə də İK üzvü kimi təsdiqləndim. Büro üzvləri arasında ən çox səs mənə verilmişdi. UWW-də bizimlə hesablaşırlar. Orada sözümüz keçir. Bizə, idmançılarımıza qarşı haqsızlığa, ədalətsizliyə yol vermərik. UWW-nin prezidenti Nenad Laloviçlə çox yaxşı münasibətlərimiz var. Bir neçə dəfə dəvətimizlə ölkəmizə səfər edib. Gələn il Bakıda Avropa Olimpiya Təsnifat turnirini keçirməyi planlaşdırırıq. Düzdür, daha 4 ölkə də namizədliyini irəli sürüb. Ancaq fikrimcə, bizim şanslarımız daha yüksəkdir. Baxmayaraq ki, burada keçirilən yarışlar zamanı ermənilər problem yaratmağa çalışır. Ancaq İK-nın iclaslarından birində Laloviç çox gözəl qeyd etdi ki, Bakıdakı yarışlarda heç vaxt erməni idmançılar problemlərlə üzləşməyib. Bizi nümunə göstərib…

Hacı Əliyev 3 qat Avropa və 3 qat dünya çempionudur. Hesab etmirəm ki, o dünya çempionatı öncəsi arxayınlaşsın. Eyni sözləri Cəbrayıl Həsənov və Şərif Şərifov haqqında da deyə bilərəm. Onların müəyyən yaş həddinə çatıblar. Bəlkə də Cəbrayıl üçün son Olimpiadadır. Belə olan şəraitdə hər hansı arxayınlıqdan söhbət gedə bilməz. Mariya Stadnik Avropa çempionatında da güləşmək istəyirdi. Biz ona icazə vermədik ki, tam bərpa olunsun. O da 3 dəfə olimpiya mükafatçısı olub. Tokio Olimpiadasında çempion olmağa köklənib. Biz də ona inanırıq. Toğrul Əsgərov bir müddət güləşdən uzaq düşmüşdü. Artıq o da qayıdıb. Avropa Oyunlarında 74 kq-da onu yoxlamağı planlaşdırırıq. Bu sınaqdan üzüağ çıxsa, dünya çempionatında da ona şans verəcəyik. Artıq eksperimentə vaxt qalmayıb. Ancaq Avropa Oyunlarına tam əsas heyətlə qatılmağı planlaşdırmırıq. Bu il bizim üçün ən önəmli yarış dünya çempionatıdır. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunları həm də Avropa çempionatını əvəzləyirdi. Ona görə də rəqabət çox güclü idi. Ancaq bu dəfə belə deyil. Artıq Avropa çempionatı geridə qalıb…

Medal qazanmaq perspektivimizin olmadığı çəkilərdə Olimpiadaya lisenziya qazanmağımız mütləq şərt deyil. Biz Tokioya turist aparmaq fikrində deyilik. Olimpiya Oyunlarına vəsiqə qazanmaq çətinləşib. Artıq Olimpiadada hər çəkidə cəmi 16 güləşçi mübarizə aparacaq…

Bütün dünyada idmanın inkişafında sponsor dəstəyi böyük rol oynayır. Bunsuz idmanı inkişaf etdirmək çox çətindir. Böyük dövlət qayğısı var. Möhtərəm prezident idmana böyük diqqət göstərir. Ölkə başçısının bu diqqəti fonunda sponsorlar da anlayır ki, bu idmana dəstək vermək lazımdır. Bu gün maliyyə problemimiz yoxdur. Hər şeyin qrafiki var. İdmançının hazırlıq prosesi, qidalanması, vitaminlə təmin olunması və s. var. İdmançı heç nədən nəticə qazanmır. Bu, böyük əziyyətin nəticəsidir…

Mənim üçün kuboklardan ən doğması 2009-cu ildə İranda qazandığımız Dünya Kubokudur. Baxmayaraq ki, orada çox haqsızlıqla üzləşdik. Yadımdadır ki, təxminən 3000 soydaşımız yarış zalını tərk etmirdi. Həmin qələbə mənim üçün ən yaddaqalan nəticə oldu”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button