Bu pulu al, qoy cibinə…

Vüqar Məmmədov

Yığmamızın Xorvatiya ilə heç-heçəsindən sonra futbolçuların mükafat istəmələri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Onlar tənqid hədəfinə çevrilərək, “vətənini sevən pul üçün oynamaz” iradı bildirildi.

Biz bu cür fikirlərlə birinci dəfə deyil rastlaşırıq, xüsusilə, futbolçullar haqqında buna bənzər sözlər çox deyilib.

Gəlin, belə danışaq, bizim hər birimiz hardasa işləyirik, çalışırıq, pul qazanırıq, evimizə çörəkpulu gətiririk. Bizim gördüyümüz iş, çalışdığımız sahədə verdiyimiz xeyir kimin üçündür? Təbii ki, vətən üçün. Jurnalist qəzetdə çalışır, yazılarında nəyi isə təbliğ edir, vətən övladı olan oxucu oxuyub nəyisə öyrənir, inkişaf edir. Sahibkar iş qurur, dövlətə vergi verir, yerli istehsalın hansısa sahəsini inkişaf etdirir. Onun inkişaf etdirdiyi sahə vətənə faydalıdır. Eləcə də, fəhlə, məmur, həkim, müəllim və başqa peşə adamlarının işinə baxsaq, görərik ki, onlar hamısı vətən üçün çalışırlar. Yaxşı, onda eyni məntiqdən çıxış edərək, futbolçulara dediyimiz sözü özümüzə də deyək: “Pul almamalıyıq, biz bunları vətən üçün edirik”. Normal görünürmü?

Bəlkə də, ola bilər ki, nə vaxtsa bəzi adamlar bəzi şeyləri pulsuz ediblər. Amma bunu daim etmək olmaz. Çünki insan maddi varlıqdı, yeməlidi, içməlidi, geyinməlidi. Bunları isə pulsuz əldə etmək olmur. Pul nədir? Pul insanın təlabatı olan vəsaitləri almaq üçün lazım olan, dövlət tərəfindən təsdiqlənmiş bir kağızdı, hansı ki, dəyəri var. İnsanın maddi tələbatları olmasaydı, yəni yeməsə, içməsə, geyinməsə və pulla alınmalı olan başqa tələbatları olmasaydı, yalnız ruh olsaydı, o zaman ondan havayı, pulsuz iş tələb etmək olardı.

Deyə bilərsiz ki, futbolçuların aldığı pul həddindən artıqdı, çoxdur. Birincisi, bu, artıq başqa mövzudu. Burda söhbət gəlirin azlığından, çoxluğundan yox, ümumiyyətlə, pulsuz çalışmaqdan gedir. İkincisi də, bu pulu onlara verirlərsə, deməli, buna layiqdirlər. Kimsə deyə bilər ki, “mənim savadım belə, bacarığım elə, amma onların aldıqlarının onda birini almıram”. Amma mən gənclər tanıyıram ki, bizneslərini qurublar, qazancları da futbolçularınkından çoxdur. Bilik maddi gəlir gətirmirsə, bunun günahını başqasında axtarmaq lazım deyil.

Uzağa getmirəm, özümdən misal gətirim. Mən qırx ilə yaxındır ki, futbolun içindəyəm. Bu sahədən kifayət qədər biliyim var. Hətta “futbolda çox az şey var ki, bilmirəm” desəm, bəlkə də mübaliğə etmiş olmaram. Amma nə olsun, mənim bu sahədən bildiyimin heç 10 faizini bilməyənlər elə işlər görür, elə pullar qazanırlar ki, adamın ağzı açıq qalır. İndi mən durub onlara deməliyəm ki, sən layiq olmadığın pulu qazanırsan? Xeyr, elə deyil! Hər kəs layiq olduğu pulu qazanır. Şərt bilikli, savadlı olmaqda deyil, işgüzarlığın və eyni zamanda başqa bir çox keyfiyyətlərin də olmalıdır.

Futbolçu o zirvəyə gəlib çatmaq üçün uşaqlıqdan nə qədər rəqabət aparır, əziyyət çəkir, on minlərlə futbol oynayan uşaqdan yalnız o rəqabətdə qalib çıxa bilir. Meydanda çalışır, vuruşur, zədə alır, aylarla qoltuq ağacı ilə gəzir. Stadionda, sosial şəbəkələrdə təhqir olunur, amma bunlara dözür. Uduzan zaman fiziki ağrılar bir yana, psixi zədələr alır. Üstəlik futbolçu ömrü qısadı, aşağı, yuxarı 35 yaş. O, bundan sonrakı həyatını təmin etməlidi. Futbolçu 35 yaşında karyerasını bitirəndə vətən ona demir ki, sən mənim üçün filan vaxt pulsuz oynamısan, bu pulu al, qoy cibinə. Zədə səbəbindən karyerası yarımçıq qalan o qədər futbolçu var ki… Biz heç onların yerini, yurdunu bilmirik, acdılar, toxdular, xəbərimiz yoxdu. Yuxarıda yazdıqlarım futbolçuların çətinliklərinin görünən tərəfləridi. Biz həyatlarına baxsaq, onların şəxsi planda da xeyli çətinliklərinin olduğunu görərik.

Ümumiyyətlə, təmənnasız iş görməyə, qarşılıqsız nəsə etməyə daha çox keçmiş sovet respublikalarında və keçmiş sosialist ölkələrində rast gəlinir. Bu, daha çox sosialist düşüncə tərzidir. Hazırkı quruluş isə kapitalizmdir, bu sistem praqmatikliyi sevir. Bu sistemdə “sən mənim üçün elə, mən də sənin üçün” prinsipi keçərlidi. Zəhmətinin qarşılığını istəmək vətəni sevməmək deyil. Niyə insan pul alanda vətənpərvər olmur? Pul almaq, eyni zamanda vətəni də sevmək mümkündü. Dövr, zəmanə bunu tələb edirsə, ona uyğun hərəkət etməkdən başqa əlimizdən bir iş gəlməz.

Təkrar yazıram, sən vətən üçün bir dəfə havayı işləyərsən, uzağı iki dəfə. Amma sənin uşağın var, o səndən yemək, geyim istəyəcək, böyüdükcə tələbatları daha da artacaq. Siz qarşılıqsız zəhməti təbliğ etsəz, bunu edərkən, bilərəkdən və ya bilməyərəkdən, adamlara ən böyük pisliyi etmiş olarsız. Onlar sizin təbliğata qulaq assalar, çox şey itirəcəklər və bir gün, bir də baxıb görəcəklər ki, özlərini fəda ediblər, amma maddi cəhətdən bir şey əldə etməyiblər. Özlərini fəda etdikləri dəyərlər isə onlara hansısa yardımı etmir. Nəticədə, itirilmiş vaxt, illər, maddi heç nəsiz, özünü fəda etdiyi dəyərlər artıq lazımsız…

Biz də, siz də bu cür adamlarla günümüzdə tez-tez rastlaşırıq. Siz belələrindən olmayın.  Nə qədər ki, gec deyil…

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button