Elxan Məmmədov: “Ermənistan Futbol Federasiyasının açıqlamaları absurddur”

Sentyabrın 28-də AFFA 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun erməni təcavüzkarları tərəfindən Azərbaycanın mülki əhalisinə və infrastrukturuna yönəlmiş hücumları nəticəsində ölümündən bəhs edən müvafiq məktubları FİFA və UEFA-ya göndərib.

Komanda.az xəbər verir ki, buna cavab olaraq, Ermənistan Futbol Federasiyası Azərbaycan tərəfini yalan məlumat yaymaqda günahlandıraraq, AFFA-ya qarşı UEFA və FİFA-ya şikayət etmək niyyətində olduqları barədə absurd açıqlama verib.

Bu məsələlərlə bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bunları deyib:

“Sentyabrın 27-də mülki əhaliyə hücum nəticəsində 13 yaşlı Şəhriyar Qurbanovun öldürüldüyü barədə faciəvi xəbər aldıq. AFFA-nın məlumat bazasında araşdıqdıqda onun Naftalan klubunda müxtəlif yaşlı liqalarda oynadığına əmin olduq. Təəssüf ki, həyatı yeni başlayan gənci itirdik.

Futbol ailəsinin bir üzvünü itirdik. Buna görə, FİFA və UEFA-ya məlumat verdik, çünki Azərbaycanın futbol ailəsinin üzvü Avropada və dünyada futbol ailəsinin üzvüdür. Həmçinin hamını şoka salan bu acınacaqlı itki barədə FİFA və UEFA-ya məlumat vermək bizim vəzifəmizdi. Bu, bir daha bütün dünyaya sübut edir ki, təcavüzkar bizim ərazimizdədir və mülki insanlara hücum edir.

Ermənistan Futbol Federasiyasının açıqlamaları absurddur. Azərbaycanın futbol funksionerlərinin açıqlamaları ilə bağlı şikayətlərinə gəldikdə, ölkənin hər bir vətəndaşı bayrağımızın işğal altında olan Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda yüksələcəyi anı səbirsizliklə gözləyir”. (1news.az)