“Bu məsələ ilə bağlı tədbir görülməsə, meydanı tərk edəcəm” – İqalo

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Odion İqalo futboldakı irqçiliklə bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsus olan 30 yaşlı futbolçu, oyun zamanı irqçiliyə məruz qalacağı halda, meydanı tərk edəcəyini bildirib:

“Mənə qarşı irqçilik edilsə, bunu hakimə bildirib, nə edəcəklərini gözləyəcəm. Bu məsələ ilə bağlı tədbir görülməsə, meydanı tərk edəcəm. Çünki irqçilik dünyadakı heç bir futbolçuya və heç kimə qarşı edilməməlidir.

Çində bir oyun zamanı mənə hər cür ad dedilər. Oyundan sonra hakimin əlini sıxmadan, paltardəyişmə otağına getdim, çünki çox əsəbiləşmişdim. Heç kim irqçiliyə göz yummamalıdır. Hamımız insanıq, dərimizin rənginin fərqli olmasına baxmayaraq, eyni dünyada, eyni həyatda yaşayırıq”.