İntizamsızlığın rəqabətə çevrildiyi “Zirə”

Abdulla İsmayıloğlu

“Planlarımız böyükdür, ona görə də böyük işlər görməliyik. Biz peşəkar komanda formalaşdırmaq istəyirik”.

Bu ifadə “Zirə” klubunun ilk prezidenti olmuş Vüqar Astanovun 08.09.2014-cü ildə PFL-in rəsmi saytına verdiyi müsahibədəndir.

Amma böyük planlar həyata keçirmək və peşəkar komanda formalaşdırmaq ona nəsib olmadı. Belə ki, prezident, işlərinin çoxluğunu əsas gətirərək 2016-cı ildə tutduğu vəzifəsindən istefa verdi. Prezident kürsüsündə onu əvəz edən Natiq İsmayılovun “hakimiyyət”i də uzun sürmədi. Hazırda prezident səlahiyyətlərini klubun icraçı direktoru Cahangir Məmmədov yerinə yetirir.

Elə böyük ümidlərlə baş məşqçi gətirib, məyusluqla yola salmaq da gənc klubun alnına yazılıb.

2014-cü ildə yaradılaraq futbol okeanına qədəm qoyan “Zirə” gəmisinin ilk kapitanı Bəhram Şahquliyev olur. 1-ci divizionda mübarizəyə başlayan klub, 2014-2015-ci il mövsümündə beşinci yeri tutmasına baxmayaraq, AFFA-ın “lisenziya tələbi”nə görə Premyer Liqaya vəsiqə qazanan yeganə komanda olur. Güclülər dəstəsində komanda yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə çıxış etməyə başlayır. 2015-2016-cı il mövsümündə “qartallar” gözlənilmədən göstərdiyi mübariz oyunuyla diqqət cəlb edir, yekunda turnir cədvəlində ikinci yeri tutmaqla həm gümüş medalları, həm də vitse-çempion adını qazanaraq, tarix yazır. Komandanın futbolçusu, Salvador millisinin üzvü Nelson Bonilla isə 14 qolla çempionatın bombardirlik estafetində ikinci olur. Lakin UEFA-nın müvafiq qanunlarına görə “qartallar” Avroliqadan kənar qalır. 2016-2017-ci il mövsümü “Zirə” donanması üçün yaxşı başlamır, ard-arda itirilən xallar enişə gətirib çıxarır, nəticədə baş məşqçi Adil Şükürov istefa verir, onu gənc Ayxan Abbasov əvəz edir. Yeni komandan donanmasını dördüncü sıraya daşısa da Avroliqaya vəsiqəni təmin edir. İlk dəfə beynəlxalq turnirdə debüt edən “qartallar”ın gəmisi Lüksemburqun “Differdanj”ını batıra bilir. Lakin 2-ci mərhələdə “Zirə” Rumıniya “Astra”sını keçə bilmir. Bir müddət sonra “qartallar”ın gəmisi ölkə çempionatında da qayalıqlara çırpılmağa başlayır və növbəti eniş yaşayır.

2018-ci ilin avqustunda Ayxan Abbasov postundan getməli olur. Onun yerinə gələn Samir Abasov komandan kimi gəmisini finiş sahilindən uzaqlara daşıyır. Nəticədə 2019-cu ilin oktyabrında Zaur Həşimov “qartallar” donanmasına yeni komandan təyin olunur. Yeni komandan qış fasiləsinə qədər az da, olsa gəmisində canlanma yarada bilir. Lakin qış fasiləsi zamanı qartalların gəmisini Soni Norde, Robin Nqalande, Elvin Məmmədov, ən əsası, bombardir Xulio Sezar Rodriqes tərk etdi. Doğrudur, “gəmi”yə yeni təşrif buyuranlar da oldu. Onlar içərisində Ağabala Ramazanovla David Volkova böyük ümidlər bəslənilirdi. Məhz bu iki forvard gedənlərin yerini artıqlamasıyla doldurmalı, “qartallar”ın gücünə güc qatmalıydı.

Amma qış fasiləsindən sonra “qartallar”da sanki arxayınçılıq hissi dominantlıq edir. İntizamsızlıq isə komanda daxilində “rəqabət”ə çevrilib. Arxada qalan son üç turda komanda bir qələbə, ard-arda iki məğlubiyyət alıb. Məğlubiyyət faciə deyil, amma kobud intizam pozuntuları, idmançıya yaraşmayan hərəkətlər edərək qırmızı vərəqələrlə “mükafatlandırılaraq” uduzmaq böyük faciədir, xüsusən də, bu hal təkrarlanırsa. 16-cı tur çərçivəsində “Sumqayıt”la oyun zamanı əvvəlcə İlkin Muradovun, ardınca Ağabala Ramazanovun meydandan qovulması, Riçard Qadzenin də sarı vərəqə limitini doldurması növbəti oyun üçün birdən-birə üç itkiyə səbəb oldu.

17-ci turda “Qarabağ” kimi nəhəng və turnir cədvəlinin şəriksiz lideri olan komanda qarşısına itkilərlə çıxan “qartallar”dan nəinki qələbə, heç əzmkar heç-heçə belə gözlənilmirdi, amma hər kəs mübarizlik göstərərək yaxşı oyuna ümid bəsləyirdi. Lakin “köhlən atlar” qarşısında meydana çıxan sanki peşəkar futbol klubu yox, tökülə-tökülə, güclə hərəkət edən məhəllə yığması idi. Artıq matçın geridə qalan 14 dəqiqəsində “qartallar” topu 3 dəfə öz torlarından çıxarmaq məcburiyətində qaldılar. Ümumilikdə isə “köhlən atlar” altı dəqiq top atəşiylə “Zirə” gəmisini batırdılar. Bu azmış kimi, matçın 67-ci dəqiqəsində Cavid Hüseynov idmançıya yaraşmayan hərəkətə görə birbaşa qırmızı vərəqə alır. Bununla, kapitan gəmini vaxtından əvvəl tərk etməyə məcbur olur. Yeddi nömrənin bu cür “mükafatlandırılması” qırmızı ofsayda düşənlərin sayını 3-ə çatdırdı.

İkinci-üçüncü yer uğrunda “Keşlə” ilə “Neftçi” arasında sona qədər ölüm-dirim mübarizəsi gedəcək, Avroliqaya vəsiqə şansı verən 4-cü yerdə qərarlaşan “Sumqayıt” mövqeyini qorumaq uğrunda döyüşəcək, islahatlardan sonra iştaha gələn “Sabah”ın da yuxarı pillələri hədəfləməsini nəzərə alsaq, bu cür ab-hava ilə “qartallar” davam etsə, qarşıdakı 11 turluq estafet zamanı qırmızı vərəqələr və fiaskolar qaçılmazdır.

Prezidentləri, baş məşqçiləri yola salmaqla məşhurlaşan “Zirə”də deyəsən, Zaur Həşimovu da eyni aqibət gözləyir. Komandanın sərgilədiyi oyuna görə “12-ci oyunçu” artıq tribunalardan “istefa” şüarıyla narazılığını baş məşqçiyə xorla bildirməkdədir.

Buna cavab olaraq Zaur Həşimov “Qarabağ”a fiasko sonrası mətbuata açıqlamasında belə demişdi:

“Azarkeşin istefa tələb etməsi normaldır. Amma ümumi nəzərə alaq ki, mənim burda 14-cü oyunum olub, 4 dəfə məğlub olmuşuq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq”.

Zaur Həşimov nikbinliyini əməldə göstərməlidir, əks halda, “Zirə” gəmisindəki dəliklər daha da genişlənəcək ki, bu da onun batmasının labüdlüyü deməkdir.