“5 sual, 5 cavab” – Diniyevlə söhbət: “Yenidən dünyaya gəlsəm…”

5 sual, 5 cavab

Bu gündən etibarən Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start veririk.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. İlk qonağımız Azərbaycan milli komandasının sabiq baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevdir:

  • Şahin bəy, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Həyata yenidən gəlmək çətindir. Necə olacağını bilə bilmərik. Burda hər şeyi müəyyənləşdirən varlıq var – o da Allahdır. Biz yenidən dünyaya gəlsək, hansı zamanda, hansı məkanda olacağımızı bilmək çətindir. Hər kəsin öz alın yazısı var. Yenə də deyirəm, hər şeyi müəyyən edən Allahdır. Buna görə də, yenidən dünyaya gəlsəm, hansı həyatı yaşayacağımı bilmərəm. Ona görə, nəsə demək doğru olmaz.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Maraqlı sualdır. Belə götürəndə, bu suala şablon cavab olsa da, ümumilikdə insanları dəyişmək istərdim. Onların həyata baxışlarını dəyişmək istərdim. Ancaq bu da real olmayan bir şeydir. Hər kəsin öz baxışı var, hər kəsin bir düşüncəsi var. Bayaqkı sualda da dedim, hər kəsin öz alın yazısı var. Konkret “nəyisə idəyişərdim” deyə bilmərəm.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin məşqçi karyeranızı tam əks etdirir?
  • Düzdür, statistika çox şey deməkdir, ancaq hər şey deyil. Çünki elə olur ki, oyunda topa 85 faiz nəzarət edirsən, ancaq uduzursan. Statistikanın karyeramı tam əks etdirib-etdirməməsini deyə bilmərəm.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə yerli futbolçu və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Düzdür, keçib. Ancaq belə bir şey də var ki, bayaq da dedim, hər şey Allahın əlindədir. İspaniyada, İtaliyada, Almaniyada və ya başqa ölkədə dünyaya gəlsəydim, bəlkə də heç futbolda olmazdım. Başqa sahədə olardım, bunu bilmək olmaz. Bəlkə də, Afrikada hansısa ölkədə və ya bir qəbilədə olardım. Ona görə də, heç nə demək düz deyil. Yaxşını düşünəndə, gərək pisi də düşəsən. Düzdür, qazandıqlarım da olub, itirdiklərim də olub, ancaq bu günə şükür. O ki qaldı yerlilərin xaricdə uğur qazanmaması məsələsinə, bax, biz futbol ölkəsi deyilik. Acı da olsa, bunu qəbul etməliyik. Tam futbol ölkəsi deyilik.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Real olmaq lazımdır. Acı həqiqətdir, ancaq bu heç inandırıcı görünmür. Nəyisə dəyişsək belə, bu, çətindir. Çünki əvvəl də dedim, biz futbol ölkəsi deyilik. Futbol yoxdur demirəm, var, ancaq tam futbol ölkəsi deyilik. Ona görə də, burada qala bilməliyik. Futbol ənənələrimiz var, ancaq onlar da kiçikdir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button