Lionel Messi 7-ci dəfə “qızıl top” mükafatına layiq görüldü

Bu gün “France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatının sahibi məlum olub.

Komanda.az xəbər verir ki, mükafatın təqdimat mərasimi Fransanın paytaxtı Parisdə təşkil olunub.

“Qızıl top”a 30 futbolçu namizəd idi. Onlardan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçu idi.

Yekunda “qızıl top” mükafatı Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messiyə qismət olub. 34 yaşlı forvard karyerası ərzində 7-ci dəfə bu ada sahib çıxıb. O, daha öncə 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə bu mükafata layiq görülmüşdü.

“France Football” nəşri digər nominasiyalar üzrə də qalibləri elan edib.

2021-ci ilin ən yaxşı gənc futbolçusu İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri seçilib.

Polşa millisinin və Almaniyanın “Bayern” klubunun futbolçusu Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib. 33 yaşlı forvard 2021-ci ildə vurduğu 53 qolla bütün rəqiblərini qabaqlayıb.

2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis olunmuş Lev Yaşin mükafatı isə İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarummaya qismət olub.

“Qızıl top”un təltifetmə mərasimində ən yaxşı qadın futbolçunun da adına aydınlıq gəlib. Bu mükafata İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Aleksiya Putelyas sahib çıxıb. 27 yaşlı oyunçu həmyerlisi və komanda yoldaşı Cennifer Hermosonu, həmçinin İngiltərənin “Çelsi” klubundan Samanta Kerri geridə qoyub.

“France Football” nəşrinin 2021-ci ilin ən yaxşı klubu üçün təsis etdiyi mükafatın da sahibi müəyyənləşib. İngiltərənin “Çelsi” klubu bu nominasiya üzrə qalib olub. Sözügedən mükafat ilk dəfə təqdim edilib.

Xatırladaq ki, “France Football” nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir futbolçuya verməmişdi. “Qızıl top”u sonuncu dəfə 2019-cu ildə məhz Lionel Messi qazanmışdı.