“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz start

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 6 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub. Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda görüşə çıxıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançı Fransa təmsilçisi Luka Mxeidze ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimələrlə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.

60 kq çəki dərəcəsində çıxış edən digər azərbaycanlı idmançı Oruc Vəlizadə almaniyalı Morits Plafkini mübarizədən kənarlaşdırsa da, özbəkistanlı Kemran Nurillayevin müqavimətini qıra bilməyib.

66 kq-da son Avropa çempionu Orxan Səfərov 1/16 finalda finlandiyalı Lukas Sahaya uduzub. Eyni çəkidəki Nicat Şıxəlizadə ilk görüşdə bolqarıstanlı Bojidar Temelkova qalib gəlsə də, cənubi koreyalı Baul Ana məğlub olub.

Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirib. Əliyeva Gülnur Muratbəyovanı məğlub edib, Qurbanlı isə Həliməcan Kurbonova ilə dueldən məğlub ayrılıb. 1/8 finalda isə Əliyeva serbiyalı Milika Nikoliçə uduzaraq, mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız başa vurublar.