“Səhər üzərində “50” yazısı olan mayka hədiyyə ediblər, axşamüstü isə mənimlə vidalaşıblar”

Bu gün “Neftçi”nin veteran futbolçusu Samir Ələkbərovun 51 yaşı tamam olur.

Komanda.az xəbər verir ki, 1968-ci ildə dünyaya gəlmiş hücumçu 1987-1999-cu illər ərzində “Neftçi”nin heyətində 280 oyun keçirib. 138 qolun müəllifi olmuş Ələkbərov “Neftçi” tarixinin ən çox qol vurmuş futbolçusudur. “Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1996) və superkubokun (1993) qalibi olmuş Samir Ələkbərov, 1991, 1992, 1993-cü illərdə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1992-1996-cı illər ərzində Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub.

Samir Ələkbərov məşqçilik fəaliyyətinə də “Neftçi”də başlayıb. O, 2002-2006-cı illərdə ərzində məşqçi kimi çalışdığı komandayla ölkə çempionatının (2004, 2005) və kubokunun (2004) qalibi olub.

“Ağ-qaralar”ın rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib:

– Doğum gününüz mübarək, Samir müəllim! Bu günü necə qeyd edəcəksiz?
-Çox sağ olun! Bu gün mənim üçün böyük bir önəm daşımır, sadəcə bir rəqəm o birini əvəzləyir.

– Deməli, qeyd etməyəcəksiz?
– Ənənəvi olaraq ailəmlə bir yerdə, evdə keçirəcəm. Adətən, qeyri-adi bir planım olmur.

– Doğum gününüzdə sizə təqdim edilən ən gözlənilməz hədiyyə nə olub?
– Ümumiyyətlə, hədiyyə almağı xoşlamıram, amma keçən il mənə çox maraqlı hədiyyə veriblər. Səhər üzərində “50” yazısı olan mayka hədiyyə ediblər, axşamüstü isə mənimlə vidalaşıblar (gülür).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button