“Nəticə qazanmaq istəyiriksə, intizamlı, istəkli oynamalıyıq” – Azərbaycan millisinin baş məşqçisi

Bu gün Amsterdamdakı “Ziggo Dome”də futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın Avropa çempionatında Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, yığmanın çalışdırıcısı, oyunla bağlı bunları deyib:

“Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın iki oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq.

Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.