“Bayer” Bundesliqada liderliyi ələ keçirdi

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Volfsburq” Frankfurt “Ayntraxt”ının müqavimətini qırmağa çalışıb. Üç qolun qeydə alındığı matç məhz meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü altı qarşılaşma baş tutub. Münhenqladbax “Borussiya”sı doğma meydanda “Herta” ilə heç-heçəyə razılaşıb. “Maynts” evdə “Köln”ə minimal hesabla uduzub. “Frayburq” isə “Arminiya” üzərində inamlı qələbəyə sevinib.

Lider “Bavariya” bu turda Berlin səfərində “Yunion”la qarşılaşıb və xal itkisi ilə üzləşib. Dortmund “Borussiya”sı isə “Ştutqart”la üz-üzə gəlib. Dortmundlular bu görüşdə darmadağına üzülüblər. “Leyptsiq” isə “Verder”lə ev oyununda inamlı qələbə sayəsində “Bavariya” ilə xallarını bərabərləşdirib və zirvəyə şərik olub.

Cari mövsümdə qələbəyə həsrət qalan “Şalke” bu dəfə “Auqsburq” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. “Bayer” isə doğma meydanda “Hoffenhaym”la münasibətlərinə aydınlıq gətirib. İnamlı qələbəyə sevinən Leverkuzen təmsilçisi “Bavariya”nın xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib.

Almaniya Bundesliqası, 11-ci tur

11 dekabr

Volfsburq – Ayntraxt 2:1
Qol
: Veqorst, 76-pen; 88 – Dost, 62-pen.

12 dekabr

Frayburq – Arminiya 2:0
Qol
: Qrifo, 79-pen. Yonq, 90+2.

Leyptsiq – Verder 2:0
Qol
: Sabitser, 26-pen. Olmo, 41.

Maynts – Köln 0:1
Qol
: Rexbeçay, 55.

Borussiya M – Herta 1:1
Qol
: Embolo, 70 – Gunduzi, 47.

Borussiya D – Ştutqart 1:5
Qol
: Reyna, 39 – Vamanqituka, 26-pen; 53. Forster, 53. Kulibali, 63. Qonsales, 90+1.

Yunion – Bavariya 1:1
Qol
: Promel, 4 – Levandovski, 68.

13 dekabr

Auqsburq – Şalke 2:2
Qol
: S.Serdar, 32-öz qapısına. Rixter, 90+3 – Raman, 52. Bujellab, 61.

Bayer – Hoffenhaym 4:1
Qol
: Beyli, 4; 27. Virts, 55. Alario, 90+1-pen – Baumqartner, 50.

Bombardir: Robert Levandovski (Bavariya) – 13 qol.