AFFA-nın həvəskar komandaları əlcək kimi dəyişən “ulduz”u – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə 6 oyunda 21 yaşlılardan ibarət Azərbaycan millisinin və 3 dəfə əsas yığmanın heyətində meydana çıxan Tuğrul Erat haqda danışacağıq.

Tuğrul Erat 1992-ci ildə Almaniyada anadan olub. Futbola məhz burada başlayan yarımmüdafiəçi peşəkar karyerasına “Fortuna” klubunda “siftə edib”. Düsseldorf təmsilçisində 2009-2016-cı illər aralığında çıxış edən Erat, 2013-cü ildə ilk dəfə Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasına dəvət olunub. Erat, Cihan Özkara, Əli Gökdəmir, Engin Əkrəm, Bahəddin Köşə kimi futbolçularla birgə Bernhard Lippertin milliyə dəvət etdiklərindədir. U-21-lə 6 rəsmi oyuna çıxan yarımmüdafiəçi üç qol vurub və bir məhsuldar ötürmə edib. Sağ cinahda çıxış edən Eratın U-21-dəki debütü Avropa çempionatının seçmə mərhələsində İsraildən olan həmyaşıdları ilə keçirilən görüşə təsadüf edib. Həmin qarşılaşmada Azərbaycan millisi 2:7 hesabıyla uduzmuşdu. Erat İsraillə görüşdə yığmamızın və özünün ilk qolunu vurmuşdu.

27 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinin əsas komandasındakı debütü 2014-cü ildə olub. Berti Foqts tərəfindən yığmaya çağırılan Erat, milli ilə ilk görüşünə Filippinlə yoxlama oyununda çıxır və 45 dəqiqə şans qazanır. Daha sonra iki dəfə millinin formasını geyinən yarımmüdafiəçi U-21-də 3 qol vursa da, əsas komandada qol hesabını aça bilməyib. Berti Foqtsun Azərbaycan millisinin baş məşqçi postundan ayrılmasından sonra Eratın yığmaya yolu bağlanıb. Belə ki, Robert Prosineçki cinah yarımmüdafiəçisini milliyə dəvət etmirdi.

Tuğrul Erat Almaniya mətbuatına verdiyi müsahibədə Azərbaycan yığmasını seçmə səbəbini də açıqlamışdı. O, Almaniya və Türkiyə yığmalarına çağırılmaq şansı az olduğu üçün seçimini Azərbaycan millisindən yana etmişdi. Çünki Almaniyada “Fortuna” və “Duysburq” klubunun futbolçusunun bu ölkənin və ya Türkiyənin millisinə çağırılması inandırıcı görünmür. Həmin dövrdə hər iki ölkənin yığmasında kifayət qədər güclü futbolçular var idi və Erata ehtiyac yox idi.

Beynəlxalq təcrübə qazanmaq üçün tək çıxış yolu Azərbaycan yığması olan yarımmüdafiəçi, əlinə düşən imkandan maksimum yararlanmağı bacarmışdı.

Eratın elə də uğurlu karyerası olmayıb. 2009-2016-cı illərdə “Fortuna”da – 2013-cü ilə qədər ikinci komandada, daha sonra isə əsas komandada forma geyinən yarımmüdafiəçi, azad agent kimi “Duysburq”a keçib. Komanda həmin dövrdə Almaniya 3-cü Bundesliqasında mübarizə aparırdı. İk il burada top qovan Erat daha sonra klubsuz qalıb. 2018-ci ilin iyulundan sentyabrına kimi işsiz olan yarımmüdafiəçi, sentyabrda həvəskar komandaya – “Straelen”ə keçir. Azərbaycan millisinin sabiq üzvünün sonrakı klubları da aşağı liqa təmsilçisi olub. Hazırda Türkiyənin Həvəskar Liqasında mübarizə aparan “Bayrampaşa”da forma geyinən Tuğrul, 2019-cu ilin yanvarından 2020-ci ilin yanvarına qədər də “Karagümrük”ün uğurları üçün çalışıb. Erat bu mövsüm Türkiyənin 4-cü liqasında çıxış edən “Bayrampaşa” ilə iki oyunda iştirak edib.

Tuğrul bir zamanlar böyük ümidlə milliləşdirilən futbolçulardan olsa da, yığmadakı aqibəti istədiyi kimi olmayıb. U-21-ə çağırılmamışdan əvvəl Azərbaycanla heç bir əlaqəsi olmayan futbolçunun milliləşdirilib, yığmaya cəlb olunmasının lüzumsuz olduğu öz təsdiqini tapıb. Tuğrul Erat özünü “türk oğlu türk” adlandırırdı. O, Azərbaycan vətəndaşlığını çox rahat şəkildə aldığını bildirmişdi:

“Azərbaycanda bir köküm, nəslim yoxdur. Türk oğlu türkəm. Berti Foqts məni çağırdı, azərbaycanlı oldum. İşlərimi xüsusi olaraq izləyənlər var idi. Onlar işimi asanlaşdırdılar. Bir şəkil, bir neçə də sənəd göndərdim. Qısa zamanda artıq azərbaycanlı olmuşdum”.

Hazırda AFFA “Keşlə”dən Sezar Meza Kollini də milliləşdirmək niyyətindədir. Ancaq paraqvaylı yarımmüdafiəçinin də taleyinin digərləri kimi olacağı istisna deyil.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button