“Neftçi”dən ayrılmasına peşman olan, Azərbaycan üçün oynamağı şərəf sayan bombardir – Yazı+Fotolar

Dünən bizdə, bu gün harda?

Komanda.az saytının “Dünən bizdə, bu gün harda?” adlı rubrikası davam edir.

Rubrika çərçivəsində bir zamanlar milliləşdirilib, Azərbaycan yığmasına çağırılan, lakin sonra “yoxa çıxan” futbolçulardan bəhs olunur. Bu dəfə “qonağımız” 40 dəfə Azərbaycan millisinin formasını geyinən Branimir Subaşiçdir.

7 aprel, 1982-ci ildə Serbiyanın paytaxtı Belqradda dünyaya gələn, hücumçu mövqeyində çıxış edən Branimir Subaşiçin Azərbaycan millisindəki debütü 2007-ci ilə təsadüf edir. 2005-ci ildə “Neftçi” klubuna transfer olunan, azarkeşlərin sevimlisinə çevrilən Subaşiç, Bakıya gəlməzdən əvvəl Azərbaycanın hansı ölkə olduğunu bilmədiyini demişdi. Ancaq sərgilədiyi oyunla diqqəti cəlb edən və milliləşdirilərək ölkəmizin əsas yığmasına çağırılan hücumçu, daha sonra Azərbaycana – “Neftçi”yə gəlməsini karyerasındakı ən uğurlu addımlardan biri hesab etmişdi.

UEFA Çempionlar Liqasının 2005/2006 mövsümündə “Neftçi” səfərdə Belçikanın “Anderlext” klubuna böyük hesabla – 0:5 hesabı ilə uduzmuşdu. Təkcə “ağ-qaralar”ın sadiq fanatları yox, bütün azərbaycanlı azarkeşlər məyus və qəzəbli idi. Artıq hər kəs bilirdi ki, “Neftçi” cavab görüşündə nə edir etsin, mərhələni keçən belçikalılar olacaq. Amma buna baxmayaraq, cavab matçında Tofiq Bəhramov adına Respublika stadionuna xeyli sayda azarkeş gəlmişdi. Hər kəs “neftçilər”dən ən azı ləyaqətli mübarizə, “döyüş” gözləyirdi. Və Bakı komandasının futbolçuları irəli atıldı… Bəlkə də, Subaşiçi bütün Azərbaycana tanıtdıran, sevdirən də “Anderlext”lə oyun oldu. Yox, Branimir həmin oyunda qol vurmadı. Ancaq qolu gətirən penaltini komandasına məhz o qazandırdı. Komanda yoldaşından ötürmə alan Subaşiç ildırım sürətiylə rəqibin cərimə meydançasına girir və qapıçı onu qaydaları pozmaqla saxlamaq məcburiyyətində qalır. “Ağ nöqtə”yə yaxınlaşan Vadim Borets isə “Neftçi”yə qələbə qazandıran qolu vurur. “Anderlext”lə Bakıdakı oyunda komandasına penalti qazandıran və “Neftçi”nin qələbəsində böyük rol oynayan Subaşiç üçün bu matç demək olar ki, həlledici olur. O, artıq daha çox tanınmağa, sevilməyə başlayır.

“Neftçi” – “Anderlext” matçında (1:0) Subaşiçin penalti epizodu

Üç mövsüm “Neftçi” formasını geyinən forvard, ümumilikdə 65 oyunda 31 qola imza atıb. Bu müddətdə bir dəfə Birlik Kubokunun qalibi olub (2006), bir dəfə turnirin finalında oynayıb, bir dəfə Azərbaycan çempionatının gümüş (2006/07), iki dəfə isə (2005/06, 2007/08) bürünc medalını qazanıb.

Subaşiçin “Srvena Zvezda”nın formasını geyinmək uşaqlıq arzusu idi. O, 2008-ci ildə nəhayət, Belqrad təmsilçisi ilə anlaşdı. 11 oyunda meydana çıxıb, 3 qol vurduqdan sonra isə işləri tərs getməyə başladı. “Srvena Svezda”dakı baş məşqçi dəyişikliyi Subaşiçin bu komandadan ayrılması iıə nəticələndi. Bundan sonra isə onun Çində, Türkiyədə, Azərbaycanda davam edən karyerası oldu…

Subaşiç Azərbaycana 2010-cu ildə qayıdır. Ancaq bu dəfə “ağ-qaralar”a yox, “qırmızı-qaralar”a – “Qəbələ”yə transfer olunur. Futbolçu Azərbaycana ikinci səfərində “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” kimi klublarda forma geyinsə də, 2016-cı ildə verdiyi müsahibədə “Neftçi”dən ayrılmasının səhv addım olduğunu demişdi. Onun həyat yoldaşı da Branimirin bu fikri ilə razılaşmış, Azərbaycandan getməyin düzgün olmadığını bildirmişdi.

Şahin Diniyevin rəhbərlik etdiyi Azərbaycan yığmasında debüt qoluna üçüncü oyununda – 2007-ci ildə Polşaya qarşı keçirilən matçda imza atan Subaşiç, 2007-2013-cü illər aralığında milli komandaya dəvət alıb. Maraqlısı odur ki, Subaşiç, 2007-ci ildə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) tərəfindən açıqlanan siyahıda ilin ən sərrast 79 futbolçusu arasında 64-cü pillədə yer alıb. Hücumçu bu göstərici ilə hazırda “Mançester Siti”də forma geyinən David Silvanı qabaqlamışdı.

Azərbaycanı ikinci vətəni adlandıran Subaşiç, bunu heç də boş söz olaraq dilə gətirmirdi. O, 2016-cı ildə Azərbaycanla Ermənistan arasında baş verən aprel döyüşlərindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevə başsağlığı bildirən məktub göndərmişdi: “Son hadisələr bu torpağı əziz tutan heç kəsi laqeyd qoya bilməz. Mən ölkənizdə, qardaş Azərbaycanda altı il yaşadım. Bu ölkə mənim üçün ikinci vətən oldu. Qəbələ, Lənkəran və Bakı şəhərləri karyeramdakı uğurların şahidi oldular. Azərbaycana gəlişim həyatımda atdığım ən mühüm addımlardan biridir. Mənim üçün Azərbaycan milli komandasında oynamaq şərəf olub və olacaq. Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün fəxr edirəm”.

Subaşiç bir dəfə Ermənistanın iki klubu arasındakı futbol matçı zamanı həmyerlisi – serbiyalı Nemanya Stoskoviçin Azərbaycana qarşı etdiyi təxribatçı hərəkəti də qınamışdı.

Branimir oynadığı futbolla yanaşı, şəxsi həyatı ilə də ara-sıra gündəmə gəlirdi. Belə ki, forvardın adı azərbaycanlı model Validə Abbasovayla birgə çəkilir, onların sevgili olduqları iddia olunurdu. Amma Subaşiç bu iddiaları qəti şəkildə inkar edir və sadəcə dost olduqlarını bildirirdi. 2018-ci ildə Bakıya səfər edən Subaşiçin gəlişi də Validə Abbasovayla əlaqələndirilmişdi. Bütün bu iddialarla yanaşı, Branimirin Abbasovayla birgə biznes qurmaq istədiyi də deyilirdi. Subaşiç 2012-ci ildə, “Xəzər Lənkəran”da forma geyindiyi dövrdə dostu ilə birlikdə Bakıda “Balkan” restoranını işlədirdi.

Karyerası ərzində Belçikanın “Ostende”, Ukraynanın “Çernomorets”, Rusiyanın “Amkar”, Türkiyənin “Orduspor”, “Manisaspor” kimi klublarının şərəfini qoruyan Subaşiç, son olaraq ölkəsində – Serbiyada “OFK Belqrad”ın şərəfini qoruyub. Daha çox “Neftçi” klubunun keçmiş hücumçusu kimi tanınan Subaşiç, 2017-ci ildə – 35 yaşında futbolçu karyerasını bitirib.

Subaşiç Azərbaycanda top qovduğu müddətdə ümumilikdə 143 oyunda 48 qola imza atıb. Azərbaycan yığmasında 40 oyun keçirən serbiyalı hücumçu 7 qolla yadda qalıb.

Şahin Cəfərov