“Bu, bizim maksimumuz deyil” – Füzuli Məmmədov

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Bilirdik ki, çox çətin oyun olacaq. “Keşlə”ni yaxşı təhlil etmişdik və bir plan qurmuşduq. Futbolçular bu planı istədiyim səviyyədə yerinə yetirdilər, onlara təşəkkür edirəm. Bu ərəfələrdə futbolçuları oyuna kökləmək çətin olur, onların ürəkləri cəbhədədir. Qələbə xoş oldu, qələbəni cəbhədə vuruşan əsgərlərimizə, şəhidlərimizə həsr edirik.
  • Fikrinizcə, komandanız necə oynadı?
  • Yaxşı oynadı, ancaq bu, bizim maksimumuz deyil. Bəzi futbolçular var ki, tam istədiyim performansı sərgiləmədi. Amma əzmkarlıq olaraq istədiyimi gördüm. Qələbə önəmlidir.
  • Komandada nə çatışmır?
  • Hər kəs daha yaxşı “Neftçi” istəyir. Hər oyun çətin olur. Biz yavaş-yavaş istədiyiniz komandaya çevriləcəyik.
  • İstədiyiniz səviyyəyə nə vaxt çatacaqsız?
  • Zamanla, oyundan-oyuna daha yaxşı olacağıq.
  • “Neftçi” iddialı komandalarla oyunda qələbə qazanır, ancaq ortabab komandalarla oyunda xal itkisi olur. Bu tendensiyanı necə aradan qaldıracaqsız?
  • Maksimum çalışıram ki, futbolçuları hazır edək. İstəyirik ki, maksimum oyunlara köklənə bilək. Futbolçuların fikri cəbhədədir, onları oyuna kökləmək çətin olur. Mən bu həftə komandanı bu oyuna hazırlaşdırmaq üçün çox çətinlik çəkdim. Hər birinin fikri cəbhədəki xəbərlərlə bağlıdır.
  • Buqrinin əvəzlənməsi nə ilə bağlıdır?
  • O, bu gün istədiklərini edə bilmir. İstəyirdi daha yaradıcı olsun, amma bir az yorğunluğu var idi.
  • Mərt Çelik nə qədər ümidinizi doğruldur?
  • Mərtin keyfiyyətini bilirəm. Oyundan-oyuna daha da yaxşı olacaq, yerini bərkidəcək. O, çox ağıllı futbolçudur. Mərt bu gün limitə görə yox, layiq olduğu üçün oynayır.

Şahin Cəfərov