“Bu birlik bizi daha yaxşı günlərə gətirib çıxaracaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 6:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Vacib oyun idi, liderə qarşə oynayırdıq. Ancaq qələbə bizi 1-ci edə bilərdi. Hər şey düşündüyümüz kimi oldu, maraqlı oyun alındı. Ayxan Abbasova uğurlar arzu edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.
  • Artıq 3 oyundur ki, 6 top vurursuz. Bunu nə ilə əlaqələndirirdiz?
  • Ümumiyyətlə, futbolda bəzən belə oyunlar, ardıcıllıq olur. Sadəcə, ola bilər ki, futbolçulardan son vaxtda daha çox hücum etmək tələb olunur. Əvvəl də bunu tələb edirdik, amma alınmırdı. Hər şey bəzən düşündüyündən daha asan olur. Futbolçularımdan tələblərim daha da artacaq. Bu o demək deyil ki, indi 6 vurduq, gələn oyun da belə olmalıdır. Futbolçuların inamlı olmaqları məni sevindirir.
  • “Qarabağ”da heyətdə zədəli futbolçular çoxdur. “Qarabağ”dakı karyeranızda belə halla qarşılaşmışdız?
  • Növbəti oyuna çatmaqları çətindir. Bəlkə, Bədavi Hüseynov 15-20 dəqiqəlik oynamağa hazır olsun. Rahil Məmmədovla Maksim Medvedev ölkə xaricindədir. Rahilin durumu yaxşıdır, amma Maksimdə hələ simptomlar var. Abbas yəqin ayın sonuna kimi hazır olmayacaq. Onun zədəsi bir az ciddidir. Patrik Andrade də ayın sonuna qədər olmayacaq. Bəlkə, karyeramda heyətimizdə zədəlilərin sayının çoxluğu olub, amma eyni mövqedə bu qədər futbolçunun olmamasıyla qarşılaşmamışdım. Bu, hər komandanın başına gələ biləcək şeydir. Çalışacağıq elə edək ki, problemlərimiz görünməsin.
  • Qarabağda qazanılan zəfərlərlə bağlı fikirləriniz nədir?
  • Bütün qarabağlıları, ağdamlıları təbrik edirəm. Bu haqda fikirlərimi dünən də demişəm, bu gün də. Biz artıq məcburi köçkün komandası deyilik. Gözləyirik ki, görək “İmarət” nə vaxt bərpa olunacaq. Biz, bu hisslə yaşayırıq. Sevinirəm ki, ədalət yerini tapdı. Bundan sonra da xalqımızla bir olacağıq. Bu birlik bizi daha yaxşı günlərə gətirib çıxaracaq.

Şahin Cəfərov