“Nəinki Essyen, digər futbolçulardan da ayrılıq haqda düşünənlər var” – Aftandil Hacıyev

Mövsümün ilk hissəsini Azərbaycan Premyer Liqasında sonuncu pillədə tamamlayan “Səbail”də maliyyə problemləri yaşanır.

Artıq iki futbolçu ilə (Ağabala Ramazanov və Elvin Yunuszadə) yollarını ayıran Bakı təmsilçisində daha bir neçə futbolçu komandadan ayrılacaq. Bu barədə “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Komanda.az saytına açıqlamasında deyib. O, klubda yaydan bəri maliyyə sıxıntıları olduğunu və bu səbəbdən də, bəzi futbolçuların komandadan ayrılacaqlarını deyir:

“Komandanın durumu yaydan bəri eynidir. Maliyyə problemləri var. Bu səbəbdən də, futbolçular ayrılıq qərarı alırlar. Bu, onların şəxsi qərarlarıdır. Artıq iki futbolçu ilə yollar ayrılıb. Nəinki Maykl Essyen, digər futbolçulardan da ayrılıq haqda düşünənlər var və bu, normal haldır. Maliyyə problemləri futbolçuları ayrılıq qərarı almağa vadar edir”.

Hacıyev, özünün komandadakı gələcəyi haqda da yaxın zamanda rəhbərliklə görüşəcəyini bildirdi:

“Hazırda müqaviləm var və davam edir. Klub rəhbərliyi ilə görüşüm olacaq. Təbii ki, bu gedişat – futbolçuların gedişi məni razı sala bilməz. Buna görə də, necə olacaq, bilmirəm. Rəhbərliklə ümumiyyətlə, iş prosesi barədə görüşümüz olacaq, görək bundan sonranı necə düşünürlər. Çünki gedənlərin yerinə də futbolçu lazım olacaq. Görək onların yerini kimlərlə doldurmağı düşünürlər”.

Şahin Cəfərov