Bordin: “Moldovaya yaxşı nəticə və qələbə üçün gəlmişik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, 54 yaşlı italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

  • Sabahkı oyunla bağlı nə deyə bilərsiz?
  • Bir neçə müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. “Şerif”lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq.
  • “Speranta”nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odu ki, biz pomidor satırıq, onlar isə neft satırlar…
  • Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyatı yoxdu.
  • Dabo və Mustivarın olmaması “Neftçi”yə nə qədər təsir edəcək?
  • Onlar ilk günlərdən bizimlə məşq etmirlər. Onlarsız hazırlaşmışıq. Dabonun əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız mövcuddu.
  • İkinci dəfə “Neftçi”də baş məşqçi kimi Avropa Liqasında mübarizə aparacaqsız. Birinci dəfəki oyunda uğursuzluğun yaşanmaması üçün kollektivi oyuna kökləyə bilmisiniz?
  • Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq.
  • “Neftçi”də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə keçirəcək. Bu, yeni futbolçular üçün üstünlükdürmü?
  • Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdu.
  • İlk oyunda hansı nəticə sizi qane edir?
  • Əlbəttə ki, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdı ki, Avropa Liqası iki matçdan ibarətdi. Ehtiyatlı davranmalıyıq.
  • Roberto Bordin amili “Neftçi’ üçün üstünlükdü, yoxsa onu yaxşı tanıyan rəqib üçün?
  • Əlbəttə ki, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdə pressinq edə və hücuma can ata bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.
  • Moldova çempionatını izləyirdinizmi?
  • Moldovadan gedəndən sonra çempionatı o dərəcədə izləmirəm. Rəqibi təhlil edəndə baxdım. Onlara hörmətlə yanaşıram.
  • “Forza Neftçi” azarkeş qrupu neçə kilometr yol qət edərək Moldovaya gəlib. Bu barədə nə deyə bilərsiniz?
  • Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir. (Report)